Narkotik qaçaqmalçıları baş leytenantı bıçaqladı - FOTOLAR

  23 Sentyabr 2019    Oxunub : 2137
 Narkotik qaçaqmalçıları baş leytenantı bıçaqladı - FOTOLAR
Sentyabrın 20-si saat 21:05 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad-Yardımlı avtomobil yolunda Buravar kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində içərisində 2 nəfərin olduğu avtomobilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Azvision.az -a verilən məlumata görə, şübhəli şəxs gizlin yerdən bağlama götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edərkən sərhədçilər tərəfindən ona “dayan” əmri verilib, lakin o, əmrə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışıb. Sərhəd naryadı tərəfindən yaxalanması zamanı şübhəli şəxs müqavimət göstərib, baş leytenant Allahverdi İsmayılova bıçaq ilə xəsarət yetirib. Buna baxmayaraq sərhədçi zabit şücaət nümayiş etdirib və cinayətkarı tərkisilah edərək saxlayıb.



Hadisə zamanı xəsarət almış sərhədçiyə təxirəsalınmaz tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir.

Saxlanılan şəxsin 1975-ci il təvəllüdlü Cəlilabad rayon sakini Əliyev Elşən Dövlət oğlu olması müəyyənləşdirilib, əraziyə atılan bağlamaya baxış zamanı içərisində 1 kq 125 qram “marixuana”, 1 kq 10 qram “tiryək” və 450 qram “heroin” narkotik vasitə aşkarlanaraq götürülüb.



İdarə etdiyi avtomobil ilə hadisə yerindən qaçan digər şəxsin saxlanılması istiqamətində təxirəsalınmaz əməliyyat-qoşun tədbirləri həyata keçirilib, ərazi dərhal qapadılaraq ətrafda axtarış aparılıb. Nəticədə hadisə yerindən qaçmış şəxs Cəlilabad rayonunun Buravar kəndinin yaxınlığında saxlanılıb. Həmin şəxsin 1979-cu il təvəllüdlü Naxçıvan MR, Babək rayon sakini Quliyev Samir Vidadi oğlu olması müəyyənləşdirilib, avtomobilin içərisindən 55 qram “tiryək” narkotik vasitə və şəxsi əşyalar aşkarlanaraq götürülüb.

Qeyd olunan fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.





Azvision.az

Teqlər: Bıçaq   DSX