Fədayə Laçın azadlığa buraxılır? - Vəkildən açıqlama

  23 Sentyabr 2019    Oxunub : 2494
 Fədayə Laçın azadlığa buraxılır? - Vəkildən açıqlama
Bu gün Bakı Apellyasiya Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasına kömək etməkdə təqsirli bilinən müğənni Fədayə Laçının barəsində çıxarılan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçiriləcək.
Bu barədə Azvision.az-a F.Laçının vəkili Nurəngiz Qarayeva məlumat verib. Onun sözlərinə görə, proses saat 15:30-da başlayacaq.

Fədayə Laçının azadlığa buraxılması ehtimalına gəlincə, vəkil buna inandıqlarını bildirib.

"Bu ehtimal hər zaman var və Fədayə xanım da azadlığa buraxılacağına inanır. Lakin buna sonda məhkəmə qərar verəcək. Biz dəlillərimizi apellyasiya şikayətində təqdim etmişik, bəraət istəyirik. İstəmək, onu sübuta yetirmək başqa, məhkəmənin qərarı isə başqadır".

Xatırladaq ki, ötən il oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E. Məmmədov isə bir neçə gün sonra keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən Hacıyev Məhəmməd Famil oğlu, Günay Atakişiyeva, müğənni Fədayə Laçın və Pentensiar Xidmətin bir neçə əməkdaşı həbs olunub. Məhkəmənin qərarı ilə Fədayə Laçına 5 il həbs cəzası verilib.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Məhkəmə   FədayəLaçın   Vəkil