Dilqəm və Şahbazın dəyişdirilməsi mümkündür - Tonoyan açıqlama verdi

  20 Sentyabr 2019    Oxunub : 2322
Dilqəm və Şahbazın dəyişdirilməsi mümkündür - Tonoyan açıqlama verdi
"Dünən mən Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistan nümayəndəsi ilə görüşdüm. Əsirlərin dəyişdirilməsi ilə bağlı Azərbaycan tərəfinin təklifi rəsmi olaraq mənə çatdırıldı. Müzakirə ilə bağlı bəzi məsələlər var ki, indi onları aça bilmərəm"
Azvision.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri David Tonayan deyib. O bildirib ki, Ermənistan öz vətəndaşlarının geri qaytarılmasında maraqlıdır və bununla bağlı işlər davam etdiriləcək.

Tonoyanın sözlərinə görə, müəyyən məlumatları dəqiqləşdirmək üçün əlavə işlər tələb olunur və bu, hazır olan kimi Ermənistan müvafiq reaksiyanı verəcək.

Nazir əsirlər və girovların dəyişdirilməsinin mümkün olduğunu istisna etməyib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəflərdə saxlanılan əsir-girovların “hamının-hamıya” prinsipi əsasında azad olunması və gələcəkdə əsir-girov götürülən şəxslərin, eyni zamanda meyitlərin 3 gündən gec olmayaraq qaytarılmasını aidiyyəti beynəlxalq təşkilatların vasitəçiliyi ilə 2016-cı ilin aprel ayında Ermənistan Respublikasına təklif edib.



Kəlbəcər girovları Dilqəm Əsgərov və Şahbaz Quliyevin Karen Kazaryan və Araik Kazaryan ilə mübadilə edilməsinə Azərbaycan tərəfinin hazır olması barədə Dövlət Komissiyası növbəti dəfə aidiyyəti beynəlxalq təşkilatlara 11 sentyabr 2019-cu il tarixdə rəsmi məlumat verib.

Xatrıladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Dilqəm-Əsgərov   Şahbaz-Quliyev   Girov