Ağstafada xeyli sayda silah-sursat aşkarlanıb

 Ağstafada xeyli sayda silah-sursat aşkarlanıb
  20 Sentyabr 2019    Oxunub:2167
Dövlət Sərhəd Xidmətindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Ağstafa rayonu, Ağgöl kəndi ərazisində 11 ədəd tank əleyhinə minanın və 2 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Azvision.az -a bildirilib ki, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə göl kənarına baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 11 ədəd PQ-7 raketinin mühərrik hissəsi, 6 ədəd (tərkibində heç bir partlayıcı maddə olmayan) top mərmisi (2 ədəd 37 mm-lik BR-167 və 4 ədəd 100 mm-lik BR-412), 2 ədəd təlim məqsədli (tərkibində heç bir partlayıcı maddə olmayan) PQ-2 raketi və 1 ədəd təlim məqsədli (tərkibində heç bir partlayıcı maddə olmayan)tank əleyhinə mina (UİTM-60) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş partlamamış hərbi sursatların (PHS) və minanın ətrafında 10000 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.



Azvision.az



Teqlər: ANAMA  





Xəbər lenti