Sərhədlərimizi dənizdə qoruyan döyüş gəmiləri - FOTOREPORTAJ

Sərhədlərimizi dənizdə qoruyan döyüş gəmiləri -  FOTOREPORTAJ
  19 Sentyabr 2019    Oxunub:13056
Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi ən müasir gəmilərlə təchiz olunub.
Azvision.az bildirir ki, 2008-ci ildə Gəmi İnşası və Təmiri Mərkəzinin istifadəyə verilməsi ölkəmizin dəniz sərhədlərinin mühafizəsini yeni mərhələyə qaldırıb. Belə ki, bu mərkəzdə “Tufan” və “Şahdağ” tipli 12 sərhəd gözətçi gəmisi inşa edilib. Bu gəmilərin döyüş sıralarına qatılması sayəsində sərhəd sularında dövlət maraqlarımızın qorunması imkanları xeyli genişlənib, dəniz sərhədlərimizin etibarlı mühafizəsinin təşkilində yüksək nəticələr əldə olunub.



“Tufan” gözətçi gəmiləri mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, raketlər və raket silahlarına qarşı komplekslər, gecə-gündüz görmə müşahidə sistemləri, hidroaküstik qurğularla təchiz olunub.

“Tufan” layihəli sərhəd gözətçi gəmisinin uzunluğu 62 metr, eni 7.62 metr, su basımı 470 tondur. Gəmidə 2 dizel və əlavə olaraq 1 qəza dizel generatoru mövcuddur. Altı ballıq dalğalarda üzə bilən “Tufan” layihəli gəmilərin sürəti 32 düyün, fasiləsiz üzmə sürəti 28 düyün, ekonom sürəti isə 18 düyün təşkil edir. Gəminin idarəetmə mərkəzi sensorlu monitorlarla təchiz edilib.



Ən müasir hərbi gəmi olan “Tufan”lar 25 km atış mənzilinə sahib idarə olunan “Spike-NLOS” raketləri ilə silahlandırılıb. Gəminin əsas raket silahı “Spike-NLOS” izləmə kamerası sayəsində atışdan sonra uçuş trayektoriyası üzrə bütün görüntüləri idarəetmə mərkəzinə ötürür. Bu informasiyalar əsasında, ehtiyac yarandıqda raketin hədəflərini dəyişmək olar.

Bundan başqa, gəmidə həm məsafədən idarə edilən, həm də mexaniki şəkildə atışların aparılmasına imkan verən bir ədəd 23 mm çaplı 2A14 topuyla silahlandırılmış “Typhoon”, iki ədəd 12.7 mm çaplı M2HB pulemyotu ilə silahlandırılmış “Mini Typhoon” döyüş modulu və “Rafael” şirkətinin istehsalı olan “Toplite” elektro-optik sistemi yer alır.



“Toplite” elektro-optik kompleksi gəminin döyüş idarəetmə sisteminə inteqrasiya edilib. Gəminin naviqasiya sisteminə “Elta EL/M-2228X” kombinə olunmuş radar, “Furuno” naviqasiya radarı daxildir. Radar sistemi uzaq məsafədən suüstü və 80 km məsafədən hava hədəflərini aşkarlaya bilir. Həmçinin, gəmilərin raketlərdən mühafizəsi WIZARD (Wideband Zapping Advanced Radar Decoy) maneəqoyma kompleksi hesabına təmin olunur. Bütün gəmilər uzaq məsafədən su altı təhdidləri aşkarlamaq üçün sonar sistemi ilə təchiz edilib. “Tufan” layihəli gəmilərin göyərtəsinə hər cür hava şəraitində helikopterlərin enib-qalxması mümkündür.



“Şahdağ” katerinin uzunluğu isə 32.6 m, eni 6.4 m, sututumu 95 tondur, maksimum suya oturması 1.25 metrdir. Katerin silahlanmasına 23 mm 2A14 zenit və ya 30 mm məsafədən idarə olunan “Typhoon” artilleriya qurğusu, 2 ədəd 12.7 mm “Rafael Mini” tipli məsafədən idarə olunan iriçaplı pulemyot, 2 ədəd 7.62 mm-lik pulemyotu və 4 ədəd “Rafael Spike-NLOS” TƏİRK-in atıcı qurğusu daxildir. Katerdə hədəfləri aşkarlamaq üçün RLS və optik elektron atəşi idarəetmə stansiyası yerləşdirilib.











































Anar Kəlbiyev
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: DSX   SahilMühafizə   Gəmi   Tufan   Şahdağ  





Xəbər lenti