2020-ci ilin büdcəsi nə vəd edir? – TƏHLİL

   2020-ci ilin büdcəsi nə vəd edir? –    TƏHLİL
  19 Sentyabr 2019    Oxunub:5899
2020-ci ilin dövlət büdcəsi lahiyəsindəki rəqəmlər hər şeydən öncə, ölkə iqtisadiyyatında cari il ərzində nəzərə çarpan müsbət dinamikanın növbəti ildə də dayanıqlı xarakter daşıyacağını göstərir. Bu isə olduqca müsbət cəhətdir. Sözügedən müsbət dinamika 2015-2016-cı illərdə dünya neft bazarlarında yaranan kəskin ucuzlaşmanın ölkəmizin iqtisadiyyatına təzyiq və zərbəsindən sonra, 2017-ci ildən etibarən təşəkkül tapıb. Təsadüfi deyil ki, büdcə lahiyəsində də cari ilin birinci yarısında ölkə iqtisadiyyatının son illər ərzində məruz qaldığı şok təsirlərdən bərpa prosesinin davam etdiyi ayrıca yazılıb.
Bəs, dövlət büdcəsi gəlirlərinin neftdən asılılığı azalıbmı? Bu ilin başlanğıcından həyata keçirilməyə başlanılan məlum çoxşaxəli sosial paketin 2020-ci ildə icrası üçün hər hansı bir çətinlik yarana bilərmi? Və ümumiyyətlə, ölkə iqtisadiyyatının 2015-2016-cı illərdə məruz qaldığı şok təsirlərdən bərpasının növbəti ildə də davam edəcəyinin əsasında başlıca olaraq nə dayanacaq? Yəni bu sahədə gözlənilən dayanıqlıq nəyə bağlıdır?

Dövlət büdcəmizin neftdən asılılığının tam olaraq azalacağının tezliklə baş verəcəyini gözləmək əbəsdir. Bəli, iqtisadiyyatın qeyri-neft sektoru inkişaf edir və burada artım ardıcıl xarakter daşıyır. Bu ilin birinci yarısında ölkə iqtisadiyyatının qeyri-neft sektorunda ötən ilin eyni dövrü ilə müqayisədə 3,2% artım qeydə alınıb. Ümumiyyətlə, sözügedən sektorda inkişaf prioritet təşkil etdiyindən bu, cari ilin sonunadək, növbəti və sonrakı illərdə də davam edəcək. 2020-ci ilin dövlət büdcəsi layihəsində də yazılıb ki, 2023-cü ilədək ölkədə istehsal olunan ÜDM-in tərkibində qeyri-neft sektorunun payı 65,8%-ə çatacaq. Lakin büdcə gəlirlərinin neftdən asılılığının tələb olunan həddə enməsi üçün bu kifayət deyil. O səbəbdən ki, xərclər də artır və bunun daxilində sosial xərclər getdikcə daha çox şişir. Odur ki, qeyri-neft sektorundan əldə olunan gəlirlər tam olaraq və dayanıqlı şəkildə təkcə bunu qarşılaya bilərsə, böyük nəticə sayılacaq. Bax, məhz bu hədəfə çatacağımız gün uzaqda deyil.

Cari ilin başlanğıcından həyata keçirilən sosial paketin icrasına gəldikdə isə, gələn il büdcə xərclərinin az qala 41%-ni sosial məsrəflər təşkil edəcək. Və layihədə də qeyd olunub ki, bunu məhz, bu il ərzində əməkhaqqı, pensiya və sosial müavinətlər üzrə həyata keçirilən artımlar şərtləndirir. Bu baxımdan, həm qeyd olunan amil, həm də ölkədə kölgə iqtisadiyyatına qarşı həyata keçirilən məlum tədbirlər və həmçinin vergi siyasətində tədbiq olunan bir sıra yeniliklər nəticəsində büdcəyə gözləniləndən daha tez və çox məbləğdə əlavə vəsaitlərin daxil olması səbəbi 2020-ci ildə sözügedən çoxşaxəli sosial paketin icrası üçün ümumiyyətlə, heç bir çətinlik ortaya çıxarmayacaq. Əksinə, artımları davam etdirmək üçün yeni imkanlar açılacaq.

Ümumiyyətlə, ötən şərhlərimdə də yazdığım kimi, ölkədə əməkhaqqları və gəlirlər artdıqca məcburi dövlət sosial, həmçinin işsizlikdən sığorta haqları üzrə daxilolmaların həcmi də yüksəlir ki, bu da bilavasitə qeyri-neft sektorunun özəl bölməsində fiziki şəxslərin gəlir vergisi üzrə cari ildən etibarən məlum güzəştin tətbiqi nəticəsində itirilən müvafiq vergi məbləğinin tam olaraq sosial sığorta və işsizlikdən sığorta haqları üzrə əlavə daxilolmalar hesabına kompensasiyasına yol açır.

Təkrar edirəm: sosial maliyyələşdirməni həm üfüqi, həm də şaquli istiqamətdə genişləndirmək, artırılmaq məsələsi, dövlət büdcəsinə gəlirlərdə şəffaflıq yaratmaq və gizli gəlir mənbələrini aşkarlamaq, o cümlədən mədaxilin ardıcıl templə yüksəlməsini təmin etməklə əlaqəli məsələdir. Və sosial sahə, başqa sözlə desəm, əhalinin maddi rifahını fasiləsiz olaraq yaxşılaşdırmaq sağlam maliyyələşdirmə tələb etdiyindən, bu istiqamətdə sırf neft və qaz gəlirləri hesabına uzunmüddətli olaraq nəyəsə nail olmaq mümkün deyildir.

Ölkə iqtisadiyyatının 2015-2016-cı illərdə məruz qaldığı şok təsirlərdən yaxa qutarması və bərpasının növbəti ildə də davam edəcəyi əsasında isə sözsüz ki, yenə neft amili dayanacaq. Necə ki, 2017-ci ildən etibarən iqtisadiyyatımız şok təzyiq və zərbələrdən məhz neftin dünya bazar qiymətlərində yaranan sabitlik sayəsində qurtuldu. Neftin dünya bazar qiymətləri bu il üçün də Azərbaycanın dövlət büdcəsinin gəlirləri baxımından əlverişli oldu. Düzdür, ilin başa çatmasına hələ 3 aydan çox vaxt qalır. Lakin proseslər göstərir ki, ilin sonunadək də neftin dünya bazar qiymətləri səviyyəsi bizim üçün sərfəli qalmaqda davam edəcək.

Bu arada, növbəti ilin dövlət büdcəsi lahiyəsində neftin dünya bazar qiymətlərinin səviyyəsinin 55 ABŞ dolları həddində götürülməsi də sevindiricidir. O mənada ki, bu qiymət cari ildəkindən 5 dollar aşağıdır. Bu il sözügedən qiymət səviyyəsi 60 dollar götürülmüşdü ki, dünya bazarlarında faktiki hədd, bundan həmişə yuxarı oldu. Belə ki, ilin birinci yarısında Azərbaycan neftinin dünya bazar qiymətlərinin orta səviyyəsi 65 ABŞ dolları həddində qeydə alınıb. 2020-ci ildə isə qiymət heç də bundan aşağı olmayacaq. Odur ki, növbəti ilin büdcə lahiyəsində sözügedən həddin cari ildəkindən bir az da aşağı səviyyədə götürülməsi olduqca müsbət cəhətdir. Və bu, cari ilin başlanğıcından etibarən həyata keçirilməyə başlanılan genişmiqyaslı sosial paketin icrasının gələn il də uğurla davam etdiriləcəyinə əlavə zəmanət deməkdir.

Dövlət Neft Fondundan (ARDNF) büdcəyə 11 767,5 milyon manat, başqa sözlə desəm, cari ildəki ilə müqayisədə 403 milyon manat və ya 3,5%-dən bir qədər çox vəsaitin transfert olunacağı faktına gəldikdə isə, xatırladım ki, cari ilin dövlət büdcəsinə ənənəvi olaraq adını çəkdiyim qurumdan nəzərdə tutulan transfert məbləğinin artırılması yolu ilə ilin ilk yarısında heç bir dəyişiklik edilmədi. Çünki bu ilin dövlət büdcəsində neftin dünya bazar qiymətləri 60 ABŞ dolları səviyyəsində götürüldüyündən, bundan çox da yüksək qazanc əldə olunmadığı üçün gəlir və xərclərə dair rəqəmləri dəyişdirməyə ehtiyac yaranmadı. Odur ki, hesab edirəm, birinci bu ənənəni aradan götürmək lazımdır. Yəni, ilin ortasında büdcənin icrası zamanı Fonddan əlavə vəsait ayırmaq - transferti artırmaq ənənəsindən yaxa qutarmalıyıq. Sonra isə ildən-ilə məbləği artırmaq siyasətindən də qxilas olmaq mümkündür.


Pərviz Heydərov
Azvision.az üçün



Teqlər: Büdcə-2020  





Xəbər lenti