“BTQ region ölkələrini logistika mərkəzinə çevirir” - Cavid Qurbanov

  18 Sentyabr 2019    Oxunub : 1271
 “BTQ region ölkələrini logistika mərkəzinə çevirir” - Cavid Qurbanov
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində (QSC) Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri xanım Natiya Turnavanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
QSC-dən Azvision.az -a verilən məlumata görə, görüşdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Azərbaycan və Gürcüstan dəmir yolları arasında mövcud olan əməkdaşlıq əlaqələri, Azərbaycanın nəqliyyat-logistika imkanları, dəmir yolunda həyata keçirilən islahatlar barədə danışıb. O, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı, “Şimal-Cənub” və Cənub-Qərb nəqliyyat dəhlizləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu barədə ətraflı məlumat verib. Bildirib ki, beynəlxalq marşrutların fəaliyyətinin gücləndirilməsi iştirakçı ölkələrin tranzit potensialının artırılmasına istiqamətlənib.

Bakı-Tbilisi-Qars dəmir yolunun danışan C.Qurbanov qeyd edib ki, bu marşrut istifadəyə veriləndən sonra region ölkələrini Avrasiya məkanında mühüm nəqliyyat və logistika mərkəzinə çevirməkdədir.

Sonra əməkdaşlıq əlaqələrinin perspektivləri ilə bağlı müzakirələr aparılıb.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri xanım Natiya Turnava bildirib ki, 2017-ci ilin oktyabr ayında Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi tarixi bir hadisə idi. Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarından istifadə edilməklə, indi bu marşrutla, Azərbaycan və Gürcüstan üzərindən keçməklə, Çin, Orta Asiya ölkələrindən yüklər Türkiyəyə və əks istiqamətdə daşınır.

Görüşdə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi qərara alınıb.

Azvision.az

Teqlər: Cavid-Qurbanov   BTQ