“Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilir

  17 Sentyabr 2019    Oxunub : 1300
 “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilir
Azərbaycanda bəzi hərbi qulluqçuların pensiya təminatının müəyyən olunması qaydası dəqiqləşib.
Azvision.az xəbər verir ki, bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilir.

Dəyişikliklə hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti də sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətlərinə əlavə edilir. Təqdim olunan layihə belə qurumların hərbi qulluqçularının dövlət icbari tibbi sığortası və pensiya təminatının əvvəlki qaydada saxlanılmasına xidmət edir.

Yeni layihə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə 2018-ci ilin 12 oktyabr tarixli 1280-VQD nömrəli qanunun icrasını təmin etmək məqsədilə hazırlanıb.

Həmin qanunda hərbi qulluqçuların yalnız Azərbaycan Respublikasının Silahlı Qüvvələrində deyil, habelə hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanlarında da xidmət keçməsi müəyyən olunur. Belə ki, bəzi qurumlar var ki, onları silahlı birləşmələrə aid etmək mümkün deyil, lakin həmin qurumlarda hərbi xidmət nəzərdə tutulub (Məsələn, Fövqəladə Hallar Nazirliyinin bəzi hərbi qulluqçuları, Hərbi Prokurorluğun hərbi qulluqçuları və s.).

Anar Kəlbiyev
Azvision.az

Teqlər: