Parisdə Azərbaycandakı məhkəmə islahatlarından danışılıb

Parisdə Azərbaycandakı məhkəmə islahatlarından danışılıb
  16 Sentyabr 2019    Oxunub:1535
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti Avropa Şurasına üzv dövlətlərin Ali məhkəmələrinin sədrlərinin Parisdə keçirilən konfransında iştirak edib.
Ali Məhkəmənin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, Fransanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi dövründə Kassasiya Məhkəməsi, Konstitusiya Şurası və Dövlət Şurasının birgə təşkilatçılığı ilə keçirilən konfransın əsas məqsədi məhkəmə sədrləri üçün ümumi maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsinin aparılması, insan haqlarının təmin edilməsi, məhkəmələrin üzləşdiyi mövcud problemlərin həlli ilə bağlı təcrübələrin paylaşılması olub.

Konfransın birinci günündə Fransa Respublikasının Prezidenti Emmanuel Makron Avropa Şurasına üzv dövlətlərin Ali məhkəmələrinin sədrlərini qəbul edib. Qəbulda beynəlxalq hüququn müxtəlif istiqamətləri ilə bağlı səmərəli fikir mübadiləsi aparılıb.

Tədbirdə məhkəmədə hüquq müdafiəsinin səmərəli vasitələri, milli məhkəmələr ilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi arasında münasibətlər, şəxsi və ailə həyatına hörmət hüququ ilə ifadə azadlığının toqquşması mövzularında çıxışlar edilib.

Konfransda Fransa Kassasiya Məhkəməsinin sədri, Konstitusiya Şurasının sədri, Dövlət Şurasının sədr müavini, Ədliyyə naziri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri, Avropa Şurasının baş katibi və digər məsul şəxslərin məruzələri dinlənilib. Məruzələr ətrafında geniş müzakirələr aparılıb.

Ali Məhkəmənin sədri bir sıra ölkələrin Ali məhkəmələrinin sədrləri və digər rəsmilərlə görüş və söhbətlərində Azərbaycanda məhkəmə islahatı zamanı toplanmış müsbət təcrübəni diqqətə çatdırıb, sualları cavablandırıb. Maraq doğuran söhbətlər zamanı Azərbaycanın məhkəmə təcrübəsinə və aparılan islahatlara xüsusi diqqət göstərilib.

Azvision.az



Teqlər: Paris   Məhkəmə  





Xəbər lenti