Saatlıda iki narkotik alverçisi tutuldu

Saatlıda iki narkotik alverçisi tutuldu
  16 Sentyabr 2019    Oxunub:2385
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbiri həyata keçirilib.
DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Azvision.az -a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Saatlı rayonu Əliabad kənd sakini Aləm Heydərov polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib.

Şöbədə onun üzərində şəxsi axtarış keçirilən zaman ümumi çəkisi 130 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs narkotik vasitəni həmkəndlisi Emin Səmədovdan əldə etdiyini bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq E.Səmədovun işlədiyi fermer təsərrüfatı sahəsinə baxış keçirilib, bu zaman oradan iki ayrı polietilen sellofana bükülmüş ümumi çəkisi 3 kiloqram 390 qram olan qurudulmuş marixuana və 4 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Saatlı RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.

Azvision.az



Teqlər: DİN   Narkotik  





Xəbər lenti