“Rəşad Atakişiyev yüksək səviyyəli pilot olub” - Nazirdən mühüm açıqlamalar

“Rəşad Atakişiyev yüksək səviyyəli pilot olub” -  Nazirdən mühüm açıqlamalar
  16 Sentyabr 2019    Oxunub:6475
“Tam məsuliyyətimlə deyirəm ki, bütün tədbirlər qanun çərçivəsində yüksək peşəkarlıqla icra olunub”.

Azvision.az xəbər verir ki, bunu Müdafiə naziri, general-polkovnik Zakir Həsənov “Real TV”yə müsahibəsində pilot Rəşad Atakişiyevin həlak olması ilə nəticələnən təyyarə qəzasına münasibət bildirərkən deyib.
Nazir bildirib ki, polkovnik-leytenant Rəşad Atakişiyev yüksək səviyyəli, hazırlıqlı pilot olub: “Döyüş hazırlığı çərçivəsində gecə təlimləri keçirilirdi. Orada da yüksək peşəkarlıq nümayiş etdirmişdi. Biz komissiya yaratdıq. Həmin komissiyaya mənim əmrimlə ən peşəkar pilotlar, mühəndislər, hərbi prokurorluğun nümayəndələri, xarici və müstəqil mütəxəssislər cəlb edilmişdi. Birmənalı şəkildə onlar məni maraqlandıran bir neçə suala cavab vermişdilər. Birincisi, “qara qutu”ya bütün uçuş vaxtı, suya daxil olana kimi təyyarədə bütün avadanlıqların düzgün və ya qeyri-düzgün işləməsi yazılır. Birinci o suala cavab verildi ki, təyyarə tam işlək idi və son məqama kimi mühərriki, o cümlədən digər avadanlığı ştat rejimində işləyirdi. Yəni təyyarə tam işlək vəziyyətdə idi”.

Z.Həsənov əlavə edib ki, toqquşma, təyyarənin mühərrikinə və digər hissəsinə zədə olsa idi, “qara qutu”da dərhal öz əksini tapacaqdı: “Azərbaycandakı bütün radarlarla bizim radarların göstəricisi üst-üstə düşdü. Pilotun son məqamda zəif də olsa təyyarəni idarə etməyə çalışması onun göstəricisidir ki, pilot göydə ehtimal olunan zərbə alıb. Hətta burada biz mütəxəssislərə müraciət etdik. Quşların gecə vaxtı uçması və hansı səviyyədə uçması barədə. Və bunu təsdiq etdilər. Komissiyaya daxil olan həkimlər də rəy bildirdilər ki, hansı səviyyədə insan bu hərəkəti edə bilər. Hamısını ətraflı danışmayacağam. Bu, böyük bir sənəddir. Hələ də istintaq davam edir. Müxtəlif rəylər var. Biri deyir ki, pilotun səsini “qara qutu”da dinləmək lazımdır. Bu yoldaş bilmir ki, “qara qutu”da pilotun səsi yazılmır. Mən tam şəkildə komissiyanın üzvlərinə inanıram.

Xatırladım ki, bu hadisədən bir neçə gün sonra ABŞ-da müasir “F-18” təyyarəsi düşdü. Ardınca Hindistanın Rusiyadan aldığı müasir “Su-30” təyyarəsi, daha sonra Pakistanda, bu yaxınlarda Rusiyada təyyarə qəzaya uğradı. “F-18”, “Su-30” müasir təyyarələrdir. Əgər bizim təyyarədə texniki qüsur olsaydı, belə bu da təbii haldır. Müasirdə olursa, bunda niyə olmasın? Belə bir hal olsa idi, cəmiyyətə elan edərdik ki, təyyarədə texniki nasazlıq olub. Pilotun səhvi olsaydı, bunu da deyərdik. Digər məsələ, biz bütün təyyarələrimizi yoxladıq. Bu dünyada qəbul olunmuş praktikadır. Deyirlər ki, bu təyyarələr köhnədir. Bəli, bunları 80-ci illərdə istehsal etməyə başlayıblar. Dünyada, NATO ölkələrində “F-16”-lar uçur. Onlar da həmin illərindir. Bunları təmir edir, yeni avadanlıqlarla təchiz edirlər”.

Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev həlak olub. 34 yaşında dünyasını dəyişən hərbi pilotun nəşi avqustun 21-də torpağa tapşırılıb.

Azvision.az


Teqlər: Zakir-Həsənov   Ordu  





Xəbər lenti