Xalq rəssamı vəfat edib

   Xalq rəssamı vəfat edib
  14 Sentyabr 2019    Oxunub:3843
Azərbaycan mədəniyyətinə ağır itki üz verib.
Azvision.az xəbər verir ki, Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Prezidentin fərdi təqaüdçüsü Tahir Tahirov 71 yaşında vəfat edib.

Mərhumla vida mərasimi bu gün 13:00-da Heydər məscidində keçiriləcək.

Qeyd edək ki, Tahir Tahirov 30 may 1948-ci ildə Bakı şəhərində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rəssamlıq fakültəsini bitirib.

Milli rəssamlığımızın zəngin ənənələrini öz uzunillik yaradıcılığında əks etdirən Tahir Tahirov təsviri sənətimizin inkişafı yolunda yorulmadan çalışan bənzərsiz rəssam idi. Bir çox teatr tamaşalarının mahir quruluşçu rəssamı kimi də böyük şöhrət qazanıb. C.Verdinin “Traviata”, C.Rossininin “Sevilya bərbəri”, R.Leonkavallonun “Payatsı”, F.Əmirovun “Sevil” operaları, P.Çaykovskinin “Romeo və Cülyetta”, Q.Qarayevin “Don Kixot”, “Leyli və Məcnun”, T.Bakıxanovun “Xəzər balladası” balet tamaşalarına, A.N.Ostrovskinin “Müdriklər”, İ.Əfəndiyevin “Büllur sarayda”, C.Cabbarlının “Od gəlini”, “Aydın”, S.Vurğunun “Fərhad və Şirin”, N.Həsənzadənin “Pompeyin Qafqaza yürüşü”, H.Orucovun “Bu dünyanın adamları”, B.Vahabzadənin “Cəzasız günah”, Elçinin “Poçt şöbəsində xəyal”, H.Həsənovun “Brüsseldən məktublar” və s. tamaşalara, habelə bir çox dövlət əhəmiyyətli tədbirlərə, yubiley mərasimlərinə uğurlu səhnə tərtibatı verib. Rəssamın məşhur opera və balet tamaşaları üçün böyük ustalıqla yaratdığı səhnə geyimlərinin eskizləri də Azərbaycan təsviri sənətinə şöhrət qazandırıb və bir sənətkar kimi doğma Vətəninə sonsuz məhəbbətin təzahürünə çevrilib.

Tahir Tahirovun yaradıcılığı Azərbaycan təsviri sənətinin qiymətli nümunəsi kimi milli mədəniyyətimizin təbliğinə xidmət edib. Onun fəaliyyəti hər zaman Azərbaycan dövlətinin diqqətində olub. 2002-ci ildə Əməkdar rəssam, 2013-cü ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb.

Allah rəhmət eləsin!

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Xalqrəssamı   TahirTahirov  





Xəbər lenti