Kürün səviyyəsi 16 santimetr artıb

  13 Sentyabr 2019    Oxunub : 1001
Kürün səviyyəsi 16 santimetr artıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normadan çox olmaqla normanın 160, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan az və normadan çox olmaqla 50-150, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 20-80 faizini təşkil edir.
Departamentdən Azvision.az -a verilən məlumata görə, sentyabrın 13-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 12 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 141 kubmetr təşkil edir. Bu da ongünlük normadan çox olmaqla onun 101 faizinə bərabərdir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 74 kubmetrə bərabərdir. Bu da ongünlük normaya yaxın olmaqla onun 82 faizini təşkil edir.

Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsi 3 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 42 kubmetr təşkil edir. Bu da ongünlük normaya yaxın olmaqla normanın 77 faizinə bərabərdir.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 6 santimetr azalaraq 368 santimetr təşkil edib. Şirvan məntəqəsində suyun səviyyəsi 16 santimetr artaraq 213 santimetrə bərabər olub. Salyanda suyun səviyyəsi 9 santimetr artıb və 202 santimetr olub. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 2 santimetr artaraq 72 santimetr təşkil edib. Bankə məntəqəsində isə suyun səviyyəsi 10 santimetr artaraq 187 santimetrə bərabər olub.

Azvision.az

Teqlər: Kür