İqtidarla müxalifətin dialoqu: Tərəflər “davam edək” deyirlər

  İqtidarla müxalifətin dialoqu:  Tərəflər “davam edək” deyirlər
  12 Sentyabr 2019    Oxunub:4185
Ötən gün “Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda dəyirmi masa keçirilib. Tədbirə hakim Yeni Azərbaycan Partiyası (YAP) ilə yanaşı, bir sıra müxalifət partiyalarının nümayəndələri də qatılıblar. Görüşdə mövzu ətrafında müzakirələr aparılıb, təklif və iradlar səsləndirilib.
Tərəflər bu cür görüşlərin davam etməsində maraqlı olduqlarını bəyan ediblər.

Dəyirmi masada iştirak edən AĞ partiyanın sədri Tural Abbaslı Azvision.az -a açıqlamasında deyib ki, təşəbbüsü və keçirilən görüşü müsbət dəyərləndirir:

“Azərbaycanın ümummilli problemlərində ölkədəki siyasi partiyaların bir araya gəlməsinin mümkünlüyü barədə təsəvvür yarandı. Bunu müsbət qiymətləndirirəm. Ancaq müxalifət partiyaları daha geniş arealda iştirak etsəydilər, daha məhsuldar görüş olardı. Hesab edirəm ki, növbəti belə görüşlərə də ehtiyac var. Görünür ki, iqtidarın özü də bu formatlı dialoqların davam etməsində maraqlıdır. Görüşlər görüntü xatirinə yox, real iş ortaya qoymaq üçün olmalıdır”.



T.Abbaslı qeyd edib ki, dəvəti qəbul etməyən partiyalar da növbəti görüşlərdə iştirak etməlidir: “Bu partiyaların arqumentləri araşdırılmalı və mümkün qədər onlar aradan qaldırılmalıdır. İnanmıram ki, hansısa müxalifət partiyası iqtidarla bir masa arxasında oturub xalqın, dövlətin problemlərini müzakirə etmək istəməsin. Sadəcə hər partiyanın daxili düşüncə və ideyaları var. Bunları nəzərə alıb, yenidən belə görüşlər təşkil etmək olar”.



Dəyirmi masada iştirak edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hakimiyyətlə müxalifət arasında dialoqun alternativi olmadığı qənaətindədir:

“Bunun davamlı hal alması və diskussiyaya qatılanların əhatəsini genişləndirmək lazımdır. Bir-birimizlə danışmalıyıq, bir-birimizi dinləməliyik, təhqir və söyüşlər istisna olmaqla, ən kəskin fikirlər belə səslənə bilər, təki dövlətimiz və millətimiz zərər görməsin. Biz Skandinaviyada yaşamırıq, bura Cənubi Qafqazdır, ətraf toz-dumandır, xarici qüvvələr pusqudadırlar, boşluqlar axtarırlar ki, hərəkətə keçsinlər. Hakimiyyətin üzərinə də məsuliyyət düşür. Siyasi mübarizə aparılmalı yer parlamentdir, orada siyasi qüvvələrin ən rəngarəng qüvvələri təmsil oluna bilər. Çünki parlamentdənkənar mübarizə toqquşmaya və ixtilafa aparır, bu isə düşmənlərimizin maraqlarına cavab verir”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: İqtidar   Müxalifət   Görüş  





Xəbər lenti