“Adil İsmayılov məni təhqir edən yazılar paylaşıb” - Vəkil

  11 Sentyabr 2019    Oxunub : 1767
“Adil İsmayılov məni təhqir edən yazılar paylaşıb” - Vəkil
Xəbər verildiyi kimi, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə vəkil Adil İsmayılovun fəaliyyəti 1 il müddətinə dayandırılıb. Rəyasət Heyəti vəkil Sahil Quliyevin şikayəti əsasında bu barədə qərar qəbul edib.
S.Quliyev məsələ ilə bağlı bəyanat yayıb. Vəkilin Azvision.az -a daxil olan bəyanatında bildirilir:

“Vəkil Adil İsmayılov öz “Facebook” səhifəsində müxtəlif vaxtlarda vəkil həmkarlarını və məni təhqir edən yazılar paylaşıb, öz həmkarları barəsində “qul”, “kölə”, “mağmın”, “şərəfsiz” kimi şərəf və ləyaqəti alçaldan, qeyri-etik ifadələr işlədərək, vəkillər üçün məcburi olan etik davranış qaydalarını pozub, bu isə öz növbəsində vəkillər arasında haqlı narazılıqlara səbəb olub. Həmin yazılarla bağlı mən və digər vəkillər – Elmar Kərimov və Tahir Əlirzayev şikayətlə Vəkillər Kollegiyasına müraciət etdik. Bu şikayətlər Vəkillər Kollegiyasının İntizam Komissiyasında vəkillərin və A.İsmayılovun iştirakı ilə tam və hərtərəfli araşdırılıb və qanunamüvafiq qaydada araşdırmanın nəticələrinə dair rəy baxılması üçün Vəkillər Kollegiyasının Rəyasət Heyətinə təqdim edilib.

Rəyasət Heyətinin 9 sentyabr 2019-cu il tarixli iclasında İntizam Komissiyasının sədri Şahmar Məmmədovun rəyi dinlənildikdən sonra həm vəkil Adil İsmayılov, həm də mən şikayətə dair izahatlarımızı vermişik.

Adil İsmayılov iclasda izahat verərək, “mən yazmışam, düz etmişəm, kim özünə götürür, götürsün” deməklə, şikayətə səbəb olmuş yazıların onun tərəfindən yazıldığını etiraf etsə də, həmin yazılardakı ifadələrin təhqir olmadığını bildirib. Mən isə öz izahatımda vəkillərin və mənim barəmdə Adil İsmayılovun yazılarındakı ifadələrin vəkillərin davranış qaydaları haqqında Əsasnamənin 2.4-cü, 5.3-cü bəndlərinə zidd olduğunu bildirdim”.

S.Quliyev qeyd edib ki, Rəyasət Heyətinin sədri Anar Bağırovun barışıqla bağlı təklifinə nə Adil İsmayılov, nə də o müsbət münasibət bildirib: “Hətta A.İsmayılov İntizam Komissiyasının rəyi ilə razılaşaraq, fəaliyyəti dövründə bir neçə dəfə töhmət aldığını, baxılan intizam işi üzrə ona bir əlavə töhmətin verilməsinə də razı olduğunu Rəyasət Heyəti üzvlərinə bəyan etdi. Daha sonra Vəkillər Kollegiyasının Rəyasət Heyəti müşavirədən sonra mənim və Adil İsmayılovun iştirakı ilə Adil İsmayılovun vəkillik fəaliyyətinin bir il müddətinə dayandırılması barədə qərarını elan etdi.

Mən bu gün də hesab edirəm ki, bütün vəkillər öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına, o cümlədən, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Vəkillərin davranış qaydaları haqqında Əsasnaməyə ciddi riayət etməlidirlər. Hər bir şəxs, xüsusilə də hüquqşünas, etdiyi hərəkətin məsuliyyətini dərk etməli, başqa şəxslərin hüquqlarını pozmamalıdır”.

Azvision.az

Teqlər: Vəkil   Adil-İsmayılov