İqtidar-müxalifət görüşündə bəyanat qəbul edildi - TAM MƏTN

 İqtidar-müxalifət görüşündə bəyanat qəbul edildi -    TAM MƏTN
  11 Sentyabr 2019    Oxunub:8611
Bu gün Bakıda “Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda dəyirmi masa keçirilib.

Azvision.az xəbər verir ki, tədbirin sonunda dəyirmi masa iştirakçıları bəyanat qəbul ediblər. Bəyanatda bildirilir:
"Biz, “Ölkəmizdəki siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi” mövzusunda təşkil edilmiş “Dəyirmi Masa”nın iştirakçıları olan siyasi partiyaların, vətəndaş cəmiyyətinin təmsilçiləri, media rəhbərləri və müstəqil siyasi ekspertlərin bu gün beynəlxalq aləmdə, o cümlədən regionda baş verən mürəkkəb və həssas prosesləri, real imkan və perspektivləri hərtərəfli müzakirə edərək, Azərbaycanın müstəqilliyinin, eləcə də dövlətçilik prinsiplərinin daha da möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin olunması, taleyüklü məsələlərdə milli həmrəyliyimizin tam şəkildə bərqərar edilməsi, xalqımızın həyat səviyyəsinin, dövlətimizin iqtisadi və hərbi potensialının, beynəlxalq aləmdə nüfuzunun və təsir imkanlarının daha da gücləndirilməsi məqsədilə aşağıdakıları bəyan edirik:

- Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının qısa müddətdə işğaldan azad edilməsi istiqamətində hərb yolu da daxil olmaqla atılacaq addımları birmənalı şəkildə müdafiə edəcəyimizi bəyan edir;

- siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın ordu qurculuğuna və silahlı qüvvələrimizə hərtərəfli və birmənalı dəstəyinin zəruriliyini ifadə edir;

- ölkədə həyata keçiriləcək islahatları dəstəkləyir, ardıcıl və davamlı olmasını vacib sayır;

- vətəndaş sülhü və milli həmrəylik istiqamətində birgə fəaliyyətin göstərilməsinin zəruriliyini nəzərə alaraq, siyasi mübarizədə etik normaları gözləməyə, milli-mənəvi və əxlaqi dəyərlərimizə zidd əməllərə yol verməməyə, eyni zamanda davamlı dialoq mühitinin yaradılmasına, sosial şəbəkələrdə, o cümlədən kütləvi informasiya vasitələrində təhqir, böhtan və şayiə xarakterli məlumatlar yaymamağa çağırır;

- respublikamızda keçirilən seçkilər zamanı bu prosesə beynəlxalq hüquqa zidd hər hansı xarici müdaxilənin yolverilməz olduğunu xüsusi vurğulayır və belə müdaxilə cəhdlərinə qarşı birgə fəaliyyəti zəruri saydığımızı bildiririk".

Qeyd edək ki, tədbirdə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, AĞ Partiyanın sədri Tural Abbaslı, Azərbaycan Milli İstiqlal Partiyasının sədr əvəzi Arzuxan Əlizadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, həmçinin media və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Müxalift   iqtidar   Bəyanat  





Xəbər lenti