Cinayətlərlə bağlı statistik məlumatlar bir mərkəzdə toplanacaq - FOTOLAR

   Cinayətlərlə bağlı statistik məlumatlar bir mərkəzdə toplanacaq -    FOTOLAR
  10 Sentyabr 2019    Oxunub:2124
Azərbaycan Respublikasında həyata keçirilən məqsədyönlü və sistemli islahatlar nəticəsində hər bir sahədə olduğu kimi cinayətkarlığa qarşı mübarizə sahəsində də qanunvericilik bazası ən son beynəlxalq standartlar səviyyəsinə çatdırılıb, güclü institusional zəmin formalaşdırılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, belə səmərəli tədbirlərin davamı kimi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən «Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsində dəyişiklik edilməsi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında» 08 oktyabr 2018-ci il tarixli Fərman imzalanmaqla cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi və əlaqəli cinayətlərin mərkəzləşmiş statistikasının elektron formada aparılmasının təşkili, o cümlədən həmin cinayətlərlə bağlı statistik məlumatların toplanması, emalı və ötürülməsi üzrə informasiya sisteminin fəaliyyətinin təmin edilməsi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə həvalə edilmiş, o cümlədən aidiyyəti dövlət orqanları tərəfindən qeyd edilən növ statistik məlumatların Baş İdarəyə mütəmadi olaraq təqdim edilməsi nəzərdə tutulub.



Fərmanın icrası ilə bağlı görülən işlər çərçivəsində 7 sentyabr 2019-cu ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında Baş Prokurorluğun aidiyyəti struktur qurumlarının, o cümlədən Daxili İşlər, Vergilər, Fövqəladə Hallar və Ədliyyə nazirlikləri, habelə Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd Xidmətlərinin nümayəndələrinin iştirakı ilə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi və əlaqəli cinayətlərlə bağlı statistik məlumatların bir mərkəzdə toplanmasını təmin edəcək Vahid İnformasiya Bazasının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış 08 oktyabr 2018-ci il tarixli Fərmanın əhəmiyyətini vurğulayaraq cinayət yolu ilə əldə edilən pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi cinayətləri üzrə ötən illərin statistik məlumatlarına nəzər salaraq, yeni yaradılan Vahid İnformasiya Bazasının geniş imkanlarını qeyd edib.



Qeyd edilib ki, bu baza müvafiq hüquq-mühafizə orqanları tərəfindən təqdim edilməsi nəzərdə tutulan statistik məlumatların vahid mərkəzdə toplanmasını təmin etməklə yanaşı, əldə edilən informasiyanın müxtəlif parametrlər üzrə emalına imkan verir. Belə ki, proqramın geniş texniki imkanları qeyd edilən növ cinayətlərin ümumi dinamikasını izləməklə yanaşı, toplanan məlumatlar əsasında müxtəlif istiqamətlər üzrə analitik təhlillər aparılmasına və son nəticədə cinayətkarlığın bu növləri ilə mübarizə işinin daha keyfiyyətli təşkilinə şərait yaradacaq. Bazada toplanan məlumatların təhlilinin nəticələri həmçinin beynəlxalq monitorinq mexanizmləri çərçivəsində milli hesabatların hazırlanması prosesində də istifadə ediləcək. Daha sonra, Baş İdarənin əməkdaşları Vahid İnformasiya Bazasından istifadə qaydaları və onun texniki imkanları barədə iştirakçıları ətraflı məlumatlandırılıb, istifadəçilər tərəfindən hansı növdə məlumatların hansı formalarda bazaya işlənilməsinin nəzərdə tutulduğunu əyani surətdə nümayiş etdirlib, iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Azvision.az



Teqlər: Baş-Prokurorluq   Korrupsiya  





Xəbər lenti