“Hərbiyyə - 2019”-un üçüncü günü - VİDEO+FOTOLAR

   “Hərbiyyə - 2019”-un üçüncü günü -    VİDEO+FOTOLAR
  09 Sentyabr 2019    Oxunub:4822
“Hərbiyyə” hərbi vətənpərvərlik düşərgəsində üçüncü gün üçün nəzərdə tutulan tədbirlər gənc vətənpərvərlərin fiziki hazırlığı üzrə məqbulların qəbul edilməsi ilə başlanıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi təşviqat dəstəsinin səsləndirdiyi “Biz gəlirik, Qarabağ!” vətənpərvərlik marşının sədaları altında düşərgə iştirakçıları təlim mərkəzinə yola düşüblər.

Son günlər intensivləşən güclü yağışların yaratdığı fəsadların, dağıntıların hərbçi mühəndislər tərəfindən dərhal aradan qaldırılması nəticəsində şəxsi heyət maneəsiz və vaxtında təlim mərkəzinə çatıblar.



Təlim mərkəzində hərbi birlik komandirinin müavini, Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Şükür Həmidovun rəhbərlik etdiyi peşəkar hərbçilər qrupu gənc vətənpərvərləri qarşılayıb. Milli Qəhrəman Şükür Həmidov dünya hərb tarixində Azərbaycan tankçılarının yeri barədə danışıb. Böyük Vətən müharibəsinin qəhrəmanı, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun davamçıları olan Azərbaycan Ordusu tankçılarının Qarabağ müharibəsində göstərdikləri igidliklərdən, eləcə də Beynəlxalq Ordu Oyunları çərçivəsində “Tank Biatlonu”nda qazandığı uğurlardan söhbət açıb, Lələtəpə zirvəsinin alınmasında tankçıların müstəsna xidmətlərini qeyd edib.



Tankların sürülmə məkanında (tankadrom) zirehli texnikaların sürülmə əsasları, üsul və qaydaları, sürmə zamanı yerinə yetiriləcək tapşırıqlar, şəxsi heyətin qiymətləndirilməsi, marşrut boyu maneələri dəfetmə qaydaları izah olunub. Bölmə tərkibində tankların sürülməsi üzrə nümunəvi məşğələlər aparılıb. Tank atış sahəsində praktiki atışın yerinə yetirilməsi nümayiş olunub. Silahların taktiki-texniki xüsusiyyətləri, atışın əsasları, çevik şəkildə atəş sahəsində kəşf edilmiş hədəflərin dərhal məhvetmə qaydaları, atəşin idarə edilməsi üsulları, bölmənin qiymətləndirilmə qaydaları bir daha nəzərə çatdırılıb.



Bölük tərkibində atıcı silahlardan praktiki atışın yerinə yetirilməsi, eyni zamanda, tədris nöqtələrində atəş hazırlığı üzrə normativlərin rəhbərlik tərəfindən öyrədilməsi və icrası təmin olunub.

Azərbaycan Ordusu üzrə keçirilən “Ən yaxşı tank bölüyü” adına layiq görülmüş bölüyün əsgər və zabitləri gənc vətənpərvərləri öz nümunəvi çıxışları ilə heyrətləndiriblər. Təlim mərkəzində əsil döyüş əhval-ruhiyyəsi yaşanıb.



Mayor Elvin Həsənov, leytenant Elvin Əlimov, gizir Ramin Vəliyev, kiçik çavuş Ceyhun Rüstəmov və başqaları gənclərin suallarını cavablandırıblar.

Fasilə zamanı Qarabağ qazisi, ehtiyatda olan baş leytenant Nəbi Şükürovla görüş olub. İgid kəşfiyyatçının xüsusi tapşırığı yerinə yetirərkən qarşılaşdığı dəhşətlər, onun bütün maneələri mərdliklə dəf etməsi, ekstremal vəziyyətlərdən uğurla çıxması, ağır yaralanarkən yoldaşları tərəfindən atəşlər altında təcili təxliyyə edilərək vertolyotla paytaxta aparılması və hərbi həkimlərimizin səyi nəticəsində yenidən həyata qaytarılması barədə söhbətlər, xatirələr hamıda böyük maraq oyadıb.



Yeni nəsil silahları, döyüş texnikaları, optik cihazlar və digər hərbi təyinatlı avadanlıqların nümayiş olunduğu sərgidə 100-dən çox döyüş texnikaları, pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə vasitələri, artilleriya silah və texnikaları, mühəndis silahlandırma vasitələri, rabitə avadanlıqları, tibb təxliyə zirehli avtomobilləri, silah və cihazları nümayiş olunub.

Beynəlxalq Ordu Oyunlarından yenicə qayıtmış “Tank biatlonu”nun iştirakçıları olan Kamran Bayramov, Məftun İbrahimov, Umar Omarovun gənc vətənpərvərlərlə görüşü unudulmaz hadisəyə çevrilib.



Düşərgə iştirakçıları Haramı düzündə inşa edilən hərbi şəhərciklə tanış olub, hərbi xidmət üçün yaradılan ən müasir şəraiti yüksək dəyərləndiriblər.

Gənc vətənpərvərlər əsgərlərlə birlikdə nahar etdikdən sonra atəş hazırlığı məşğələləri keçirilib. Təhlükəsizlik qaydaları çatdırılıb, atıcı silahların natamam sökülüb-yığılması yarışları keçirilib.



Xocavənd R ayon İcra Hakimiyyətinin rəhbərliyi və ictimaiyyət nümayəndələri ilə görüşü açan Müdafiə Nazirliyinin zabiti, Əməkdar incəsənət xadimi polkovnik Abdulla Qurbani rayonun tarixi, erməni təcavüzkarları ilə mübarizədə şəhidlik zirvəsinə ucalan qəhrəmanları və rayon əhalisinin bu gün də doğma yurd yerlərinə qayıdacaqları günü səbirsizliklə gözlədiklərini vurğulayıb.

Abdulla Qurbani xocavəndlilərin bölgədəki hərbi hissələrin şəxsi heyətləri ilə daim əlaqə saxladıqlarını, burada ordu ilə xalqın sağlam mənəvi birliyinin yarandığını qeyd edərək deyib ki, ordu ilə xalqın birliyi həm ordunun gücünü artırır, həm də xalqı, dövləti daha da qüdrətli edir.



“Xocavənd şəhidləri” abidəsi ziyarət olunub, qarşısına qərənfillər düzülüb, şəhidlərin xatirəsi ehtiramla yad edilib və gənc vətənpərvərlər, eləcə də, ön səngərlərdən gələn əsgərlər Vətən uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalanların qisasını alacaqlarına and içiblər.

Xatirə mitinqində Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidov, polkovnik Elşad Əbilov, şəhid Sənan Quliyevin babası Əliqəmə Quliyev və xocavəndli gənclərdən Ləman Əliyeva, Günay Fərəcova, Muradxan Məhərrəmov, Səma Şükürova, gənc vətənpərvərlər adından Böyükxanım Babayeva və başqaları çıxış edərək Ali Baş Komandan İlham Əliyevin əmrlərinə hər an hazır olduqlarını bildirib və düşərgənin təşkilində Prezidentin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Müdafiə Nazirliyinin təşəbbüslərini yüksək qiymətləndiriblər.



“Hər əmrinə hazırıq, cənab Ali Baş Komandan!” marşının sədaları altında gənc vətənpərvərlər xocavəndlilərlə görüş tədbirindən xoş təəssüratlarla ayrılıblar.

Şam yeməyindən sonra əl qumbaralarının dəqiqliklə atılması üzrə komandalar yarışıb.

Havanın tez-tez dəyişməsi, yağış yağmasına baxmayaraq gün ərzində keçirilən yarış və müsabiqələrdə bütün komandalar qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gələrək yüksək nəticələr əldə ediblər.



Fərdi yarışlarda Hümbət Qafarlı (Bakı Mühəndislik Universiteti), Meyfalı Qazıyev (Azərbaycan Neft Akademiyası), Yaşar Əliyev (Bakı Mühəndislik İnstitutu), Əli Qurbanov (Mingəçevir regional “ASAN xidmət” mərkəzi), Babakişi Babayev (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti), Yaşar Qasımov (Mingəçevir Dövlət Universiteti), Əli Qəribov (Azərbaycan Dövlət İqtisad Universiteti) və başqaları xüsusilə fərqləniblər.



Günün qalibləri sırasında Quba rayonundan olan “Asan” könüllüsü Rəşad Atakişiyevin (Azərbaycan Dövlət Texniki Universiteti) adı çəkiləndə alqış sədaları sıra meydanını bürüyüb. Polkovnik Abdulla Qurbani – “Qoy düşmənlər sevinməsinlər ki, Azərbaycanın peşəkar pilotu polkovnik Rəşad Atakişiyev təlim-məşq uçuşu zamanı həlak olub. Xalqımızın yüzlərlə, minlərlə Rəşadları var”, - deyə düşmənlərə qarşı qəzəb və nifrət hissini gizlətməyib.



“Hərbiyyə - 2019” hərbi vətənpərvərlik düşərgəsinin iştirakçıları növbəti gün üçün hazırlıq işlərinə başlayıblar.

Azvision.az


Teqlər: Hərbiyyə  





Xəbər lenti