Milli Qəhrəmanın xatirəsi anılıb - VİDEO

Milli Qəhrəmanın xatirəsi anılıb -  VİDEO
  06 Sentyabr 2019    Oxunub:3341
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nazirliyin və Qeyri-Hökumət Təşkilatlarının əməkdaşlarının, Qarabağ müharibəsi veteranlarının, qazilərin, Milli Qəhrəmanın ailə üzvlərinin, döyüşçü yoldaşlarının və respublikamızın tanınmış incəsənət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.



Tədbirdə çıxış edənlər Milli Qəhrəman Səfiyar Behbudovun şərəfli ömür yolundan, Qarabağ müharibəsi başladığı ilk günlərdən könüllü olaraq müdafiə qüvvələrində düşmənlə mübarizədə göstərdiyi qəhrəmanlıq nümunələrindən danışaraq, xalqımızın belə mərd oğulların xatirəsini daim yaddaşlarda əbədi yaşadacağını vurğulayıblar.

Xatirə tədbiri Milli Qəhrəmanın həyat yolundan bəhs edən “Simurq ömrü” adlı sənədli videomaterialın nümayişi ilə davam edib.

Milli Qəhrəmanın bacısı Naibə Behbudova ailəsi adından çıxış edərək ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Müdafiə Nazirliyinin rəhbərliyinə və tədbirin keçirilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Milli Qəhrəmanın xatirə tədbiri xalq mahnılarından, vətənpərvərlik ruhlu musiqilərdən və hərbi marşlardan ibarət konsert proqramı ilə başa çatıb.

Azvision.az


Teqlər: MilliQəhrəman  





Xəbər lenti