Azərbaycanın sabiq baş konsulu vəfat edib

 Azərbaycanın sabiq baş konsulu vəfat edib
  05 Sentyabr 2019    Oxunub:2974
Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, ölkəmizin İstanbuldakı sabiq baş konsulu, şair Abbas Abdulla vəfat edib.

Bu barədə Azvision.az -a AYB-dən məlumat verib. Bildirilib ki, uzun müddət xəstəlikdən əziyyət çəkən Abbas Abdullanın cənazəsi bu gün Maştağa qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, Abbas Abdulla 1940-cı il mayın 12-də Gürcüstanın Bolnisi rayonunun Bolus Kəpənəkçisi kəndində anadan olub. 1958-1959-cu illərdə doğma kəndində müəllimlik edib. Sonra ADU-nun filologiya fakültəsində qiyabi təhsil alıb (1958-1963). Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasını (1964-1966), Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetinin ideoloji kadrlar fakültəsini (1981-1982) bitirib, Kiyevdə Ukrayna EA-nın T.Q.Şevçenko adına Ədəbiyyat İnstitutunun Şevçenkoşünaslıq şöbəsində təcrübə keçib.

Əmək fəaliyyətinə Bakı Neftayırma zavodunda köməkçi fəhlə, çilingər kimi başlayıb, eyni zamanda zavodun "Neftayıran" çoxtirajlı qəzeti redaksiyasında əməkdaş olub (1961-1963). "Ulduz" jurnalı redaksiyasında şöbə müdiri (1966-1973), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında şöbə müdiri, xüsusi müxbir (1973-1977), baş redaktorun müavini (1979-1987), "Ulduz" jurnalının məsul katibi, sonra baş redaktoru (1987-1992), Türkiyədə Azərbaycan Respublikasının Baş konsulu (1992-1997) olub.

Azərbaycan Yazıçılar İttifaqında ilk partiya təşkilatının katibi (1981-1983), Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (tənqid-ədəbiyyatşünaslıq, publisistika üzrə) katib seçilib (1991-1992). 20 Yanvar Bakı qətliamma etiraz əlaməti olaraq Kommunist Partiyası sıralarından çıxıb. Milli azadlıq hərəkatında fəal iştirak edib.

Ədəbi fəaliyyətə "Öyün, vətənim!" adlı ilk şeiri 1957-ci ildə "Şərqin şəfəqi" (Tiflis) qəzetində çap ediləndən sonra başlayıb. 26 Bakı komissarı adına rayon xalq deputatları Sovetinin deputatı seçilib. Moskvada, gənc şairlərin V Ümumittifaq poeziya festivalında, qardaş respublikalarda keçirilən poeziya bayramlarında, Ukraynada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti günlərində iştirak edib.

Son illərdə Türkiyənin Bayburt şəhərində Dədə Qorqud konfranslarında, Elazığda ənənəvi Xəzər şeir axşamlarında milli ədəbiyyatı təmsil edib. "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif olunub (1980).

Abbas Abdulla 1992-1997-ci illərdə Azərbaycan Respublikasının İstanbulda baş konsulu vəzifəsində çalışıb.

Azvision.az


Teqlər: AbbasAbdulla   AYB  





Xəbər lenti