Patruşevin Bakı səfəri təsadüfi deyil - ŞƏRH

Patruşevin Bakı səfəri təsadüfi deyil -  ŞƏRH
  04 Sentyabr 2019    Oxunub:3820
Prezident İlham Əliyev sentyabrın 3-də Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, təhlükəsizlik və bütün digər sahələrdə uğurla inkişaf etdiyi qeyd edilib, iki ölkənin dövlət başçıları arasında səmimi münasibətlərin əlaqələrimizin inkişafındakı rolu vurğulanıb.
Nikolay Patruşevin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı ekstremizmə, terrorçuluğa qarşı mübarizə ilə bağlı qanunvericilik və əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi bildirilib və bu səfərin münasibətlərimizin daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.



Bundan əlavə, Nikolay Patruşev azərbaycanlı həmkarı Ramil Usubovla görüşüb. Görüşdə terrorçuluq və ekstremizmlə mübarizə məsələləri, habelə iki ölkə arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.



“İki ölkənin bir sıra nazirlik və idarəçilərin ekspertləri arasında keçirilən məsləhətləşmələr zamanı terrorçuluq və ekstremizmlə mübarizə sahəsində qanunların təkmilləşdirilməsinə, habelə inmformasiya təhlükəsizliyinin təmin olunmasında əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirilib”, - deyə Rusiya Təhlükəsizlik Şurasının məlumatında qeyd olunub.

Politoloq Sahil İskəndərov görüşün detallarını və Patruşevin Bakı səfərini Azvision.az -a şərh edib. O bildirib ki, Patruşev Kremlin geosiyasi planlarının strateji tərəfdaş olan dövlətlərin başçılarına çatdırılmasında böyük rol oynayır:

“Onun Azərbaycana səfəri təsadüfi deyil. Xüsusilə səfər zamanı ekstremizm və terrorçuluğa qarşı mübarizə məsələlərinə toxunulması bir çox məqamlardan xəbər verir. Çünki Rusiya rəhbərliyi çox yaxşı fərqindədir ki, Azərbaycan bütün parametrlər üzrə regionun lider dövləti olmaqla yanaşı, ekstremizm və terrorçuluqla mübarizədə həm regional, həm də beynəlxalq müstəvidə öz güclü töhvəsini verir. Bu baxımdan Patruşevin belə məsələləri Azərbaycan rəhbərliyi ilə müzakirə etməsi təəccüblü və təsadüfi deyil. Xüsusi xidmət orqanları arasında əlaqələr, münasibətlər var. Sözüsüz ki, bütün informasiyalar ölkə rəhbərliklərinə çatdırılır. Onlar isə belə məsələlərin birgə həllində maraqlıdırlar”.



S.İskəndərov vurğulayıb ki, ekstremizm və terrorçuluğa qarşı mübarizədə Moskvanın ilk növbədə Azərbaycana üz tutması təqdirəlayiq haldır. Həm də məntiqlidir: “Burada iki əsas məqam var. Birincisi, son vaxtlar Gürcüstan-Rusiya münasibətləri pisləşib. Gərginlik ortadan çıxarılmayıb. Ermənistana gəldikdə də burada iki məqamı vurğulamaq lazımdır. Birincisi, əksər hallarda belə məsələləri Rusiya rəhbərliyi Ermənistanla müzakirə etmir. Ona görə ki, Ermənistan öz iradəsi ilə uzun illərdir Rusiyanın vassalıdır. İkinci məqam odur ki, Ermənistanın baş naziri Nikol Paşinyanın "beşbaşlı oyunları" nəticəsində Rusiyanın rəsmi İrəvana etimadı sıfır həddinə çatıb. Bunun qarşılığında Moskva belə ciddi məsələləri Ermənistanla müzakirə edə bilmir. Yəqin ki, Patruşevin İrəvana da səfəri baş tutacaq. Amma bu səfərlərin mahiyyəti, müzakirə olunan məsələlər Azərbaycanla müqayisədə tam fərqli olacaq. Çünki Azərbaycan öz müstəqil siyasətini aparmaqla, heç bir qonşusuna qarşı üçüncü tərəflə əməkdaşlıq etmədiyini dəfələrlə sübut edib”.



Politoloq əlavə edib ki, ekstremizmə və terrorçuluqdan heç bir dövlət sığortalanmayıb: “Rusiya da Şimali Qafqaza tam arxayın deyil. Orada vaxtaşırı belə hallar ola bilər. Bu baxımdan Rusiya çalışır ki, cənub sərhədlərində sakitçilik olsun. Bu məsələdə isə Azərbaycanın rolu kifayət qədər böyükdür. Cənubi Qafqazda hadisələrin nəzarətdən çıxması, son məqamda bütün bunların Rusiyaya sirayət etməsi deməkdir. Rusiya bu məsələləri regionun ən güclüsü ilə, konkret olaraq proseslərə təsir edə bilən dövlətlə müzakirə edir. Ekstremizm və terrorçuluğa qarşı birgə mübarizə son nəticədə Rusiyanın erməni terrorçuluğuna qarşı münasibətinin dəyişməsinə gətirib çıxara bilər. Bu, uzun prosesdir. Rusiya rəhbərliyi bunu gözəl başa düşür. Mahiyyət etibari ilə terrorçu dövlət olan Ermənistanla hansı ekstremizm və terrorçuluğa qarşı mübarizəni müzakirə edə bilməsi məndə sual doğurur”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Patruşev   Səfər   Qarabağ  





Xəbər lenti