312 ədəd partlamamış hərbi sursat tapılıb

  01 Sentyabr 2019    Oxunub : 1257
 312 ədəd partlamamış hərbi sursat tapılıb
ANAMA 2019-cu ilin avqust ayı ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları barədə məlumat yayıb.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Azvision.az -a bildirilib ki, 2019-cu ilin avqust ayı ərzində Agentlik tərəfindən Abşeron, Ağdam, Ağstafa, Bərdə, Cəbrayıl, Füzuli, Qazax, Tərtər rayonları, Gəncə və Lənkəran şəhərləri ərazisində 839 034 m² (83,90 ha) ərazi yoxlanılıb, 312 ədəd partlamamış hərbi sursat (PHS), 4 ədəd tank əleyhinə mina (cəmi: 316 ədəd), 5 ədəd təlim məqsədli tank əleyhinə mina, 9 445 ədəd müxtəlif çaplı güllə, 15 adda müxtəlif təyinatlı hərbi ləvazimatlar və 506 qram partladıcı aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 462 nəfər əməliyyat heyəti, 122 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edib.

İndiyədək cəmi 536 877 454 m² (53 687,75 ha) ərazi təmizlənmiş, 804 269 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

Avqust ayı ərzində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən - 3 (üç), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 11 (on bir), Dövlət Sərhəd Xidmətindən (DSX) - 4 (dörd) müraciət daxil olmuşdur (cəmi: 18 çağırış).

Müraciətlər əsasında Daxili İşlər Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları birlikdə 15 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Abşeron, Ağstafa, Füzuli, Bərdə, Qazax, Tərtər rayonları və Lənkəran şəhəri ərazisində 5 900 kv.m ərazi yoxlanılıb, 132 ədəd partlamamış hərbi sursat (PHS), 3 ədəd tank əleyhinə mina (cəmi: 135 ədəd), 5 ədəd təlim məqsədli tank əleyhinə mina, 9 445 ədəd müxtəlif çaplı güllə, 15 adda müxtəlif təyinatlı hərbi ləvazimatlar və 506 qram partladıcı aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

Azvision.az

Teqlər: ANAMA