Toylarda kütləvi zəhərlənmələr artır - Səbəb nədir?

  Toylarda kütləvi zəhərlənmələr artır -    Səbəb nədir?
  31 Avqust 2019    Oxunub:2872
Son günlər insanların toylarda və ictimai iaşə müəssisələrində qidadan zəhərlənməsi ilə bağlı xəstəxanalara müraciətlərinin sayı artıb. Xüsusilə bu hadisələr rayon toylarında daha sıx müşahidə edilir. Bunu isə yay fəslində qidaların düzgün saxlanılmasına riayət edilməməsi ilə əlaqələndirirlər.
Bəs, zəhərlənmə hallarının artması nə ilə bağlıdır və bunun qarşısını necə almaq olar?

Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, qida zəhərlənmələrinə kimyəvi maddələr, təbii qida toksinləri, müxtəlif parazitlər və mikroorqanizmlər səbəb ola bilər. Mikroorqanizmlər içərisində xüsusilə bakteriyalar qida qaynaqlı bir çox xəstəliyin yaradıcısıdır:

“Yay aylarının mikroorqanizmlərin inkişafı üçün daha əlverişli olduğunu nəzərə alsaq, ümumiyyətlə, gigiyenik baxımdan uyğun olmayan şəraitdə hazırlanan qidalarda belə mikroorqanizmlərin sürətlə çoxalması gözləniləndir. Hansı ki, bu da qida zəhərlənmələrinə səbəb olur. Qida zəhərlənmələrindən qaçmaq üçün istehlakçıların və ictimai iaşə müəssisələlərində çalışanların riayət etməli olduğu müəyyən qaydalar var. Bunlardan ən önəmlisi məhsul alarkən etiketdə yer alan məlumatlarla tanış olmaq, istehsal tarixinə, yararlılıq müddətinə və saxlanma şəraitinə diqqət yetirmək lazımdır. Konservləşdirilmiş məhsulları alarkən al-üst qapaqları şişmiş, zədələnmiş gördükdə bu barədə ticarət şəbəkəsinə məlumat vermək lazımdır. Bu da ondan ötrüdür ki, həmin ticarət şəbəkəsi məhsulları satışdan kənarlaşdıra bilsin. Pasterizə edilməmiş və ya qaynadılmamış süd və süd məhsulları qətiyyən istifadəyə yararsız hesab olunur. İçməli suları isə etibarlı qaynaqlardan əldə etmək tövsiyə olunur. Hər-hansı şübhə olduqda həmin suyu qaynatdıqdan sonra istifadə etmək lazımdır. Xüsusilə yay aylarında açıq şəkildə satılan qida məhsullarını almaq məsləhət görülürmür. Qida məhsullarını aldıqdan sonra açıqda və otaq temperaturunda saxlanılması tövsiyə edilmir. İstifadə olunana qədər soyuducuda məhz çiy və bişmiş məhsullar bir-birinə təmas etməyəcək formada saxlanılmalıdır. Bundan başqa meyvə və tərəvəz məhsulları yuyularaq istifadə olunmalıdır. Dondurulmuş məhsulların donu mütləq soyuducuda saxlanılaraq açılmalıdır. Ümumiyyətlə, yeməklər hazırlanarkən mikroorqanizmi yükü yüksək olan ət məshulları ilə bişirilmədən istehlak olunacaq meyvə tərəvəzlər üçün ayrı doğrama taxtaları və bıçaqları istifadə olunmalıdır. Bu da ona görədir ki, çiy məhsullardakı mikroorqanizm yükü bişirmədən istifadə edəcəyimiz məhsullara keçməsin”.



Məlumatda qeyd edilib ki, Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində qida zəncirinin bütün mərhələlərinə dövlət nəzarətini həyata keçirir. “Əhalinin kütləvi qidalandığı məkanlar, ictimai-iaşə obyektləri, kafe və restoranlar da qida zəncirinin mühim tərkib hissəsi olduğundan bu kimi yerlərdə də Agentliyin əməkdaşları tərəfindən mütəmadi olaraq monitorinqlər həyata keçirilir. Həmçinin konkret faktlara əsaslanan hər hansı müraciətlər olduqda növbədənkənar (plandankənar) yoxlamalar həyata keçirilir. Vətəndaşlar ictimai-iaşə obyektlərində hər hansı nöqsanla rastlaşsalar, həmin müəssisələrdə qidaların tərkibi, keyfiyyəti ilə bağlı hər hansı şübhələri olsa, Agentliyin 1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat verə bilərlər. Agentlik bir daha bu sahədə fəaliyyət göstərən sahibkarları öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmağa çağırır”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Toy   Zəhərlənmə   Məclis   AQTA  





Xəbər lenti