"Məhərrəmliklə bağlı fətvaya ciddi riayət olunmalıdır" - Komitə rəsmisi

"Məhərrəmliklə bağlı fətvaya ciddi riayət olunmalıdır" -  Komitə rəsmisi
  20 Avqust 2019    Oxunub:1351
Astara Rayon Mədəniyyət Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Astara Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib.
Qurumdan Azvision.az -a verilən məlumata görə, seminar-müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Astara Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin əməkdaşı, Respublika Prokurorluğu, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəli şəxsləri, Astara, Lənkəran, Masallı və Lerik rayonlarının icra və hüquq-mühafizə orqanlarının rəsmiləri, dini icmaların rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə çəkilmiş “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” sənədli filminə baxıblar. Müşavirəni giriş sözü ilə açan Astara Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Mahmudov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin bu gün ölkəmizin inkişafına böyük töhfə verdiyini vurğulayıb. Dövlətimiz tərəfindən milli-mənəvi dəyərlərimizə ali diqqət və qayğının göstərildiyini qeyd edən İH başçısının birinci müavini Azərbaycan dindarlarının daim dövlətçiliyimizə sadiq olduqlarını deyib.

Seminar-müşavirədə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Azərbaycandakı nümunəvi dövlət-din münasibətləri, xalqımızın multikultural və tolerant dəyərləri, o cümlədən milli-mənəvi və dini dəyərlərimizin təşviqi, vətəndaşlarımızın yad dini ideologiyaların və xurafat elementlərinin təsirlərindən qorunmalarının vacibliyindən danışıb. Komitə rəsmisi bildirib ki, hazırki dövrdə dünyanın bir çox dövlətləri dini ekstremizm və terrordan ciddi əziyyət çəkir, terror hadisələri səbəbindən bölgələrdə ictimai sabitlik pozulur. Dinin əhalinin dinclik və etibarına təsir edəcək şəkildə terrorçu və ekstremist qruplar tərəfindən istismarı dövlət təhlükəsizliyi üçün böyük təhdid yaradır. Bu baxımdan dinin insan mənəviyyatında, əxlaqında və ictimai şüurunda oynadığı mühüm rolun və təsirin doğru məcraya yönləndirilməsi mühüm məsələdir.

Sədr müavinin sözlərinə görə, ölkəmizdə din dövlətdən ayrı olsa da, dövlət ölkədəki dini duruma və vətəndaşların təhlükəsizliyinə görə bilavasitə məsuliyyət daşıyır. Dövlətimizin dini ekstremizmin qarşısının alınması, vətəndaşlarımızın yad dini ideologiyaların təsirindən qorunması, ölkədəki dini durumun sabit saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlərin önəminə diqqət çəkən sədr müavini hazırda dünyada, xüsusilə müsəlman ölkələrində sabitliyin pozulmasında din amilinin xüsusi rol oynadığını və beynəlxalq güclərin bu vəziyyətdən məharətlə istifadə etdiyini diqqətə çatdırıb.

Cəmiyyətdə dini biliklərin yetərsizliyinin insanpərvərlik prinsipləri ilə ziddiyət təşkil edən zərərli fikirlərin, məzhəbçilik və təriqətçilik kimi mənfi təzahürlərin yayılmasına səbəb olduğunu nəzərə çatdıran Səyavuş Heydərov bu kimi tendensiyalarla mübarizədə ən səmərəli metodlardan birinin maarifləndirmə işinin gücləndirilməsi olduğunu deyib. Komitə sədrinin müavini çıxışında, həmçinin ölkəmizin təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınmasında ən mühüm vasitə olan vətənpərvərlik, dövlətçilik amallarının, milli-mənəvi irsin, adət-ənənələrin aşılanması, cəmiyyətin, xüsusilə gənc nəslin dini dözümlülük və tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsi ruhunda tərbiyə olunmasının önəmindən danışıb.

Bu istiqamətləri əhatə edən və tədbirdə nümayiş olunan DQİDK-nın tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə lentə alınmış “Heydər Əliyev:dəyərlərimizin xilaskarı” adlı sənədli filmin əhəmiyyətinə toxunan sədr müavini Ulu Öndərin milli-mənəvi dəyərlərin dirçəldilməsi və qorunub-saxlanıması istiqamətindəki əzmkar əməllərindən, həyata keçirdiyi mühüm tədbirlərdən danışıb.

Bildirib ki, hakimiyyətə gəlişi ilə ölkəmizdə milli-mənəvi dəyərlərə, dinə münasibəti kökündən dəyişən və yeni ideologiya formalaşdıran Ümummilli Liderin çoxşaxəli irsi, tövsiyələri milli-mənəvi dəyərlərimizin qorunması üçün hər bir gəncin bəhrələnməli olduğu zəngin məktəbdir. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən din siyasəti çərçivəsində dini radikalizm və beynəlxalq terrorizmin təzahürlərinin qarşısının alınmasında, o cümlədən beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi, islamafob meyillərə qarşı mübarizədə dinlərarası əməkdaşlığın gücləndirilməsi üzrə fikir mübadiləsi üçün uğurlu platforma yaradılıb.

Ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva xalqımızın mənəvi dəyərlərinin qorunması və təbliği, mədəniyyətlərarası dialoqun təşkili və təşviqi sahəsindəki çoxşaxəli və olduqca mühüm əhəmiyyət kəsb edən fəaliyyəti diqqətə çatdırılıb.

Daxili İşlər Nazirliyinin nümayəndəsi Oqtay Tağıyev çıxışında bildirib ki, din insanlara gözəl əxlaq sahibi olmağı, yaxşılıq etməyi, pislikdən çəkinməyi öyrədir. Din və siyasətin birləşməsi ilk növbədə dinin siyasi məqsədlər üçün vasitəyə çevrilməsinə gətirib çıxarır. Daxili İşlər Nazirliyi tərəfindən qeyri-qanuni dini fəaliyyətin, radikal, separatçı və ekstremist yönümlü hərəkətlərin qarşısının alınması, “Dini etiqad azadlığı haqqında” və “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə riayət edilməsi ilə əlaqədar konkret tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Qafqaz Müsəlmanları İdarəsinin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənli çıxışında qeyd edib ki, ölkəmizdə tolerant, multikultural dəyərlər, həmçinin, dinlərarası və məzhəblərarası həmrəylik münasibətləri hökm sürür. Bunu Astara rayonunun timsalında aydın görmək olar.

Rayonun Pensər kəndi hər iki məzhəb nümayəndələrinin birgə yaşadığı yaşayış məntəqələrindən biridir. Kənddəki hər iki məsciddə bütün cümə namazları hər məsciddə bir dəfə olmaqla vəhdət şəklində qılınır. Qeyd olunub ki, Astara rayonunun Səncərədi kəndində də hər iki məzhəb nümayəndələri yaşayır və burada da namazlar vəhdət şəklində qılınır.

Seminar-müşavirəyə yekun vuran DQİDK-nın sədr müavini Səyavuş Heydərov sentyabrın 1-də Müsəlman dünyasında Məhərrəmlik ayının başlanması ilə əlaqədar məscidlərdə və digər ibadət yerlərində dini mərasimlərinin icrası zamanı Qafqaz Müsəlmanları İdarəsinin verdiyi Fətvanın tələblərinə ciddi riayət olunmasının vacibliyini diqqətə çatdırıb.

Azvision.az



Teqlər: DQİDK  





Xəbər lenti