Bu gün Milli Qəhrəmanın doğum günüdür

  20 Avqust 2019    Oxunub : 1239
Bu gün Milli Qəhrəmanın doğum günüdür
Bu gün Milli Qəhrəman Fazil Mehdiyevin doğum günüdür.
Azvision.az -ın məlumatına görə, Fazil Umud oğlu Mehdiyev 20 avqust 1966-cı ildə Laçın rayonunun Ələkçi kəndində anadan olub. O, körpə olarkən ailəsi Ağdamın Abdal Gülablı kəndinə köçüb. 1983-cü ildə məktəbi burada bitirib. 1984-1986-cı illərdə hərbi xidmətdə olub.

Qarabağda baş verən hadisələr Fazil Mehdiyevi narahat edirdi. O, 1990-cı ildə Ağdam rayon Daxili İşlər Şöbəsində yaradılmış polis batalyonuna yazılıb. Tezliklə onun səsi ən qaynar döyüş meydanlarından eşidilib. 1991-ci ildə Qaradağlı kəndində ağır yaralanan Fazil sağalan kimi cəbhəyə qayıdıb. 1991-ci ilin avqust ayında erməni işğalçılarına məxsus “Niva” markalı avtomobili ələ keçirib polis idarəsinə təhvil verib.

1991-ci il sentyabrın 23-dən 24-ə keçən gecə ermənilər Abdal Gülablı kəndinə hücum ediblər. Fazil dostu Salehlə maşına minib döyüşə tələsib. Ağdama gələn yolda pusqu quran ermənilər onları atəşə tutublar və Fazil bu döyüşdə şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Mehdiyev Fazil Umud oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Ağdam rayonunun “Qarağacı” qəbristanlığında dəfn edilib. Bakının Nəsimi rayonunda büstü qoyulub, Səbail rayonunda isə adına küçə var.

Azvision.az

Teqlər: Milli-Qəhrəman