Tovuzda kiçik ailə təsərrüfatlarına baxış keçirilib

Tovuzda kiçik ailə təsərrüfatlarına baxış keçirilib
  14 Avqust 2019    Oxunub:1979
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov həmin rayonda özünüməşğulluq proqramı çərçivəsində yaradılmış ayrı-ayrı ailə təsərrüfatlarına baxış keçiriblər.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, ötən il Tovuz rayonunda 178 ailə özünüməşğulluq proqramına cəlb edilib. Onlar verilmiş aktivlər hesabına öz kiçik ailə təsərrüfatlarını yaradıblar. Həmin təsərrüfatların böyük əksəriyyəti heyvandarlıq, qalan hissəsi isə xidmət sahələri üzrədir. Cari ilin ötən dövründə isə rayonda artıq 100-ə yaxın işsiz və işaxtaran şəxs proqrama cəlb olunub.

Proqram iştirakçıları ilə görüşən S.Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramının ildən-ilə genişləndirildiyini deyib. O, proqramın aztəminatlı ailələrin kiçik ailə biznesinə çıxışına, sahibkarlıq vərdişlərinə yiyələnmələrinə imkan yaratdığını vurğulayıb. Nazir qeyd edib ki, proqrama cəlb edilənlər əsasən əlillliyi olan şəxslərdən, aztəminatlı, çoxuşaqlı, şəhid, məcburi köçkün, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərindən ibarətdir.

S.Babayev proqram iştirakçılarının dövlətin yaratdığı bu imkandan düzgün və səmərəli fayadalanaraq, öz təsərrüfatlarını getdikcə genişləndirəcəklərinə əminliyini bildirib.
Baxış zamanı işsiz və işaxtaran şəxslərin onlara verilmiş aktivlər hesabına yaratdıqları təsərrüfatları normal şəkildə idarə etdikləri və inkişaf etdirmək üçün səy göstərdikləri müşahidə edilib.

Məlumatda bildirilib ki, proqram iştirakçıları aztəminatlı ailələrin rifah səviyyəsinin yaxşılaşdırılması üçün aparılan ardıcıl işlərdən razı qaldıqlarını vurğulayıblar. Onlar özünüməşğulluq proqramına cəlb edildiklərinə və kiçik ailə təsərrüfatlarını qurmaları üçün göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.











Azvision.az



Teqlər: ƏƏSMN   Sahil-Babayev   Tovuz  





Xəbər lenti