Rövnəq Abdullayev FHN-nin bir qrup işçisini mükafatlandırıb

Rövnəq Abdullayev FHN-nin bir qrup işçisini mükafatlandırıb
  03 Dekabr 2013    Oxunub:1932
Xəzər dənizində yerləşən “Bulla-dəniz” yatağındakı 90 nömrəli quyuda baş vermiş qəzanın aradan qaldırılmasında digər dövlət qurumları ilə birlikdə fəal iştirak etmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Fəxri fərmanları ilə təltif olunub.

Dekabrın 3-də Fövqəladə Hallar Nazirliyinin inzibati binasında ARDNŞ-in “Neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə” Fəxri fərmanlarının təqdimetmə mərasimi keçirilib.

Mərasimdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və ARDNŞ-in prezidenti Rövnəq Abdullayev iştirak ediblər. Əvvəlcə, “Bulla-dəniz” yatağında baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar videoçarx nümayiş olunub.
Sonra çıxış edən fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bu ilin avqustunda Xəzər dənizinin Azərbaycan sektorundakı “Bulla-dəniz” yatağında 90 nömrəli quyuda baş vermiş qəzanın aradan qaldırılmasında ARDNŞ və digər dövlət qurumları ilə yanaşı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, habelə Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin əməkdaşlarının da xüsusi fəallıq göstərdiyini diqqətə çatdırıb. Nazir Kəmaləddin Heydərov baş vermiş yanğın söndürüldükdən və qəzanın fəsadları tam aradan qaldırıldıqdan sonra “Bulla-dəniz” yatağının istismara verilməsini yüksək qiymətləndirib. Nazir bu cür texnogen hadisələrə hazırlıq və onların qarşısının daha operativ şəkildə alınması məqsədilə səmərəli fəaliyyətin gücləndirilməsi üçün gələcəkdə hər iki qurum arasında birgə təlimlərin keçirilməsinin əhəmiyyətini də vurğulayıb.

Tədbirdə çıxış edən ARDNŞ-in prezidenti Rövnəq Abdullayev dəniz akvatoriyalarında baş verən texnogen qəzaların aradan qaldırılmasının bütün dünyada mürəkkəb əməliyyatlardan olduğunu söyləyərək, Azərbaycan mütəxəssislərinin bu çətin işin öhdəsindən layiqincə gəldiyini, quyunun xilas olunduğunu, sistemə qoşulduğunu və hazırda istismar edildiyini vurğulayıb.

Rövnəq Abdullayev bildirib ki, “Bulla-dəniz” yatağındakı 90 nömrəli quyu dünyada ilk quyudur ki, baş vermiş dəhşətli yanğından sonra yenidən istismara verilərək iqtisadi əhəmiyyətini saxlayır. Onun sözlərinə görə, dünyada bu günə kimi belə güclü yanğınla üzləşən bütün quyuların isitsmarı tam dayandırılıb. ARDNŞ prezidenti Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının yüksək peşəkarlıqla həyata keçirdikləri tədbirlərin əhəmiyyətindən danışaraq nazirliyin rəhbərliyinə və şəxsi heyətinə çoxminli neftçilər ordusu adından minnətdarlığını bildirib.

Daha sonra quyudakı qəzanın təhlükəsiz və operativ aradan qaldırılmasında fəal iştirak etmiş Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı ARDNŞ-in Fəxri fərmanları ilə təltif olunublar.

AzVision.az


Teqlər:





Xəbər lenti