Paşinyanı “oynadan” nədir? - Təxribatçı çıxışın sirri

 Paşinyanı “oynadan” nədir? -  Təxribatçı çıxışın sirri
  06 Avqust 2019    Oxunub:7702
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri zamanı yenidən sərsəm fikirlər səsləndirib. O, əvvəlcə deyib ki, Ermənistanda 1.5 milyon iş yeri yaradılmalıdır. Ardınca ümumdaxili məhsulu 15 dəfə artırmaqdan dəm vurub.
Gülməli görünsə də, işğalçı ölkənin baş naziri "Ermənistan hətta futbol üzrə dünya çempionu olmalıdır" deyə çin olmayan arzularını dilə gətirib.

Eyforiyaya qapılan Paşinyan bir qədər də irəli gedib və iddia edib ki, guya “Qarabağ - Ermənistandır”. Halbuki, o, bir gün öncə "Ermənistandan daha dövlət olmaz" kimi bəyanatla çıxış etmişdi. Bu dəfə isə Nikol daha sərsəm və daha gülünc çıxışı ilə gündəmə gəlməyi bacardı...

Paşinyan nə istəyir və onu "oynadan" nədir?

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev Azvision.az -a şərhində diqqətə çatdırıb ki, Paşinyan hakimiyyətə gəldiyi gündən etibarən bir-birini təkzib edən açıqlamalar verir. Bu gün də eyni halın davam etməsi onun ciddi siyasətçi olmadığını və reallıqdan uzaq olduğunu göstərir.

"Paşinyan Dağlıq Qarabağ ermənilərinin ATƏT-in Minsk Qrupu çərçivəsində davam edən görüşlərdə tərəf olmağını gündəliyə gətirdi, lakin beynəlxalq dəstək görmədi. İndi Xankəndində verdiyi bu açıqlamalar ilə beynəlxalq aləmə, xüsusən, Minsk Qrupuna göstərmək istəyir ki, ictimaiyyət bunu tələb edir və bu məsələdə mənim arxamdadır".



C.Vəliyev deyib ki, dünənki çıxış Paşinyanın məsələnin həllində ikinci mərhələdəki hədəfini ortaya qoyur: "Bildiyiniz kimi, Azərbaycan mərhələli həlli planını təklif edir. Yəni birinci mərhələdə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı rayonlar azad edilsin və sonra Qarabağın statusu müəyyənləşsin. Lakin Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağ heç vaxt müstəqil dövlət ola bilməz və Azərbaycanın suverenliyinə qayıtmalıdır. Paşinyan “Qarabağ Ermənistandır" deyərək erməni ictimaiyyətinə mesaj verməyə çalışır ki, Dağlıq Qarabağ məsələsində güzəştə getməyəcək. Lakin bir daha Ermənistanın Dağlıq Qarabağı işğal etdiyini ortaya qoyur. Düşünürəm ki, bu açıqlama Azərbaycana imkan verir ki, Ermənistan üzərində təzyiqləri artırsın".

Şöbə müdiri vurğulayıb ki, Dağlıq Qarabağ məsələsi Ermənistanın daxili və xarici siyasətinə təsir edən ən başlıca amildir: "Belə demək olar ki, Ermənistan müstəqillik əldə etdiyi tarixdən etibarən daxili və xarici siyasəti Dağlıq Qarabağ məsələsinin əsiri olub. Bu, əslində Ermənistanın bugünkü vəziyyətə düşməsi ilə nəticələnib. Daxildəki qruplar Qarabağ məsələsini radikallaşmış və millətçi kütlənin dəstəyini almaq və ya rəqibinə qarşı istifadə etmək üçün vasitə olaraq istifadə edir. Əslində Dağlıq Qarabağ məsələsinin həllinin qarşısında Ermənistan tərəfindən duran ən böyük maneələrdən biridir və erməni siyasətçilər bir tərəfdən erməni ictimaiyyətini Qarabağ məsələsində radikallaşdırır, digər tərəfdən Minsk Qrupu çərçivəsində davam edən görüşlərdə bunu bəhanə olaraq ortaya qoyur".



C.Vəliyev qeyd edib ki, Dağlıq Qarabağ məsələsi Paşinyan üçün də daxili və xarici siyasətdə "ayaq bağı" olub: "Onun əleyhinə olan qüvvələr xaricdən aldıqları dəstəklə Paşinyana qarşı bunu istifadə edir. O da radikallaşmış və millətçi kütləni idarə etmək üçün belə açıqlamalar verir. Amma, nəticədə bilərəkdən və ya bilməyərəkdən onun əsirinə çevrilir. Bu isə erməni cəmiyyətində Dağlıq Qarabağ məsələsinin həllində gözləntiləri daha üst səviyyəyə çatdırır və məsələnin diplomatik yolla həllini çətinləşdirir. Paşinyan erməni ictimaiyyətini radikallaşdırmaq yerinə Dağlıq Qarabağın erməni klanının istifadə etdiyi ritorikanı dəyişdirərsə, həm özünə, həm də Ermənistana böyük yaxşılıq etmiş olar".

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Paşinyan   Qarabağ  





Xəbər lenti