“Dəniz kuboku-2019”un təntənəli açılışı oldu - VİDEO

“Dəniz kuboku-2019”un təntənəli açılışı oldu -    VİDEO
  06 Avqust 2019    Oxunub:3060
Avqustun 5-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Beynəlxalq Ordu Oyunları - 2019” çərçivəsində Bakıda təşkil edilən “Dəniz kuboku-2019” beynəlxalq müsabiqəsinin təntənəli açılış mərasimi keçirilib.
Azvision.az xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin rəhbərliyi, veteranlar, hərbçilər, iştirakçı dövlətlərdən başqa müsabiqədə müşahidəçi qismində Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri silahlı qüvvələrinin nümayəndələri, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri və digər qonaqlar iştirak ediblər.



Mərasimin aparıcıları Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani, Rəna Qurbanova və Mixail Sklyamin Azərbaycanda keçirilən bu yarışın əhəmiyyətini yüksək dəyərləndiriblər. Aparıcılar “Dəniz kuboku-2019”un Xəzəryanı ölkələr arasında əməkdaşlığın inkişafında rolundan danışıblar.
Sonra “Dəniz kuboku-2019” müsabiqəsinin hakimlər briqadası və komandalar mərasimə dəvət olunub.

Müsabiqə iştirakçıları - Rusiya Federasiyası Xəzər flotiliyasının, İran İslam Respublikasının, Qazaxıstan Respublikasının və Azərbaycan Respublikasının Hərbi Dəniz qüvvələrinin komandaları dövlət bayraqları altında və hərbi orkestrin müşayiəti ilə meydana daxil olublar. Mərasimdə müsabiqəyə ev sahibliyi edən Azərbaycanın dövlət himni ifa edilib, üçrəngli bayrağı qaldırılıb.

Beynəlxalq Ordu Oyunlarının və “Dəniz kuboku-2019” müsabiqəsinin bayraqları, eləcə də müsabiqənin baş mükafatı - kubok meydana gətirilib.

Azərbaycan Respublikası Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev mərasim iştirakçılarını və qonaqları salamlayıb, onlara Müdafiə nazirinin təbrikini çatdırıb. Nazir müavini bildirib ki, Beynəlxalq Ordu Oyunları hərbi əməkdaşlığın, hərbçilər arasında dostluğun möhkəmləndirilməsi, peşəkarlığın daha da artırılması məqsədinə xidmət edir. Azərbaycan Ordusu Rusiya Federasiyası Müdafiə Nazirliyinin təşəbbüsünə qoşularaq müxtəlif yarışlarda uğurla iştirak edir. Hər il bu yarışlara maraq artır və onun coğrafiyası daha da genişlənir. Builki Beynəlxalq Ordu Oyunları 10 dövlətin ərazisində, eləcə də Azərbaycanda keçirilir. 32 müsabiqədə 5 mindən artıq hərbçi gücünü sınayır.

General-leytenant K.Vəliyev deyib: “Artıq üçüncü ildir ki, Xəzər dənizindəki Azərbaycan ərazi sularında yarışırsınız. Xəzər dənizi tarixən sahillərində yaşayan bütün xalqların ümumi sərvəti olub. Dostluq, qardaşlıq dənizi olan Xəzərin təhlükəsizliyini təmin etmək hər birimizin borcudur. Əminəm ki, “Dəniz Kuboku” müsabiqəsi ölkələrimiz arasında qarşılıqlı əlaqələrin, əməkdaşlığın daha da güclənməsinə öz töhfəsini verəcək. İnanıram ki, yarışlar hamınızın yaddaşında silinməz iz buraxacaq, Azərbaycandan xoş təəssüratlarla ayrılacaq və bu diyara qayıtmaq arzusu ilə yaşayacaqsınız. Sizi bir daha səmimi qəlbdən salamlayır, komandalara yüksək nəticələr və uğurlar arzulayıram. Hansı ölkənin komandasının birinci yeri tutmasından asılı olmayaraq bizim dostluğumuz, qardaşlığımız, həmrəyliyimiz qələbə çalacaq".

Müdafiə nazirinin müavini “Dəniz kuboku” beynəlxalq müsabiqəsini açıq elan edib.
Mərasimdə incəsənət ustalarının, Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivinin, iştirakçı ölkələrin və Rusiya Federasiyasının mahnı və rəqs ansambllarının iştirakı ilə teatrlaşdırılmış kütləvi bədii proqram təqdim olunub.
“Dəniz kuboku-2019” beynəlxalq müsabiqəsinin açılışına həsr olunmuş təntənəli mərasimin ssenari müəllifi və quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbanidir.

Qeyd edək ki, Azərbaycan hərbçiləri avqustun 3-dən 17-dək 10 dövlətin ərazisində keçirilən “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarında ölkəmizi təmsil edirlər.
Azərbaycan hərbçiləri ölkəmizdə “Dəniz kuboku”, Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları”, Belarusda “Snayper həddi” və Özbəkistanda təşkil olunan “Hərbi-tibbi estafet” müsabiqələrinə qatılıblar.
“Dəniz kuboku-2019”-da hərbi dənizçilər “Artilleriya atışlarının yerinə yetirilməsi”, “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” və “Dəniz hazırlığı” üzrə mərhələlərdə güclərini sınayaraq ən yaxşı heyətləri müəyyən edəcəklər.
Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri silahlı qüvvələrinin nümayəndələri “Dəniz kuboku - 2019” müsabiqəsində müşahidəçi qismində iştirak edirlər.

Azvision.az


Teqlər: Dəniz-Kuboku  





Xəbər lenti