DİN-dən sosial şəbəkələrdə yayılan videoya münasibət

  DİN-dən sosial şəbəkələrdə yayılan videoya münasibət
  04 Avqust 2019    Oxunub:3942
“Sumqayıtda təqribən dörd il öncə baş vermiş qətlin polis əməkdaşları tərəfindən guya zorla bir nəfərin boynuna qoyulması, buna görə ona işgəncə verilməsi barədə sosial şəbəkələrdə yayılmış videogörüntü, həmin kadrlarda bu sahədə “ixtisaslaşmış” blogerin və döyüldüyünü söyləyən şəxsin iddiaları növbəti dəfə ictimai rəyi aldatmağa yönəlmiş uğursuz cəhddir”
Azvision.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə bildirib.

DİN rəsmisi məsələ ilə bağlı deyib: “Əslində videoda xüsusi canfəşanlıqla və məqsədyönlü şəkildə “istismar” olunan qəsdən adam öldürmə hadisəsi 2016-cı il martın 22-dən 23-ə keçən gecə şəhərin 13-cü mikrorayonu ərazisində baş verib. Hadisə ilə əlaqədar Şəhər Polis İdarəsinin və Prokurorluğunun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu dərhal hadisə yerinə çıxıb, təxirəsalınmaz tədbirlər həyata keçirilib, müvafiq ekspertizalar təyin edilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib. Faktla bağlı şəhər Prokurorluğunda CM-in 120.2.2-ci maddəsilə cinayət işi qaldırılıb”.

Onun sözlərinə görə, qətl baş verən ərəfədə hadisə yerinə yaxın ərazidə görünmüş bir sıra şəxslər, o cümlədən məlum videonun səbəbkarı olan şəhər sakini, elə həmin məkanda yaşayan Rəşad Abbasov şübhəli şəxs qismində Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilib:

“O, mövcud qanunvericiliyin tələbləri gözlənilməklə sorğu-sual edildikdən sonra, həmin ağır cinayətdə iştirakı müəyyən edilmədiyinə görə sərbəst buraxılıb və bu proses 2-3 saat ərzində yekunlaşıb. Daha sonra peşəkarlıqla həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətdiyinə, yəni N.Məmmədovu qətlə yetirdiyinə görə B.Atamalıyev adlı şəxs tutularaq istintaqa cəlb olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi həmin qətldə və digər cinayətlərdə təqsirli bilərək 2016-cı il noyabrın 10-da B.Atamalıyevi 19 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib.

Ancaq R.Abbasov o vaxt kimlərinsə sifarişini yerinə yetirərək qanuni əsaslarla aparıldığı, zəruri hüquqi prosedurlar başa çatdıqdan sonra sərbəst buraxıldığı bölmədə guya işgəncəyə qaldığını iddia edir, o zaman ən müxtəlif instansiyalara bununla bağlı müraciətlər də göndərib. Həmin müraciətlər əsasında DİN-in aidiyyatı xidməti və şəhər Prokurorluğu tərəfindən dəfələrlə araşdırmalar aparılsa da, şikayətçinin qeyd etdiyi hallar öz təsdiqini tapmayıb. Hazırda onun fiziki təsirə məruz qalması barədə iddialara məhkəmə qaydasında baxılır".

Azvision.az


Teqlər: DİN   Video   Qətl  





Xəbər lenti