İlin sonunda daha 3 “DOST” Mərkəzi açılacaq

 İlin sonunda daha 3 “DOST” Mərkəzi açılacaq
  01 Avqust 2019    Oxunub:3257
Bu ilin mayında Bakının Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin ilk “DOST” Mərkəzi açılandan sonra böyük rəğbət qazanıb.
Azvision.az xəbər verir ki, bu barədə iyulun 31-də Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev məlumat verib.

Nazir deyib: “İki aydan bir az artıq dövrdə 20 min vətəndaşımız bu mərkəzə müraciət edib. Hər bir müraciətçi xidmət gördükdən sonra orada elektron qaydada xidmətin səviyyəsini qiymətləndirir. Bu günə vətəndaşlarımızın tam məmnunluq səviyyəsi 93 faizi keçibdir, 4 faiz də əlavə olaraq qismən məmnun vətəndaşlarımızdır. Biz bu göstəricini daim bu şəkildə saxlamağa çalışacağıq. Bu gün artıq 126 xidmətin hər biri “DOST” Mərkəzində göstərilir”.

S.Babayev dövlət başçısının göstərişlərinə uyğun olaraq, bu ilin axırınadək növbəti Mərkəzin açılması istiqamətində ciddi iş aparıldığını, daha 3 mərkəzin açılması üçün işlərin görüldüyünü vurğulayıb. Bildirib ki, cari ilin sonuna və növbəti ilin birinci rübünə həmin 3 mərkəz də açılacaq: “Beləliklə, biz Bakının 80 faizini əhatə etmiş olacağıq. Növbəti mərhələdə daha bir Mərkəz açdıqdan sonra Bakı şəhəri tam əhatə olunacaq. Regionlarımızda da “DOST” Mərkəzlərinin açılması sahəsində iş başlayacaq”.

Nazir müşavirədə bildirib ki, bu ilin mayında Beynəlxalq Sosial Təminat Agentliyinin Bakıda keçirilən Avropa Forumunda iştirak etmək üçün Azərbaycana gəlmiş 55 ölkənin sosial təminat agentliklərinin rəhbərləri də DOST mərkəzini ziyarət ediblər: “Onların da ilkin qiymətləndirməsi çox yüksək oldu. İnanırıq ki, qısa müddət ərzində bu şəbəkə genişləndirilərək ölkə ərazisini tam şəkildə əhatə edəcək”.

Azvision.az



Teqlər: ƏƏSMN  





Xəbər lenti