Kürdəmirin avtomobil yolları yenidən qurulur

Kürdəmirin avtomobil yolları yenidən qurulur
  26 İyul 2019    Oxunub:1625
Kürdəmir rayonunda cari ildə 2 yol infrastrukturu layihəsinin, Karrar-Bağman-Böyük Kəngərli və Şilyan-Qarasu avtomobil yollarının yenidən qurulması işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, bu layihələr 10 minədək vətəndaşın yaşadığı 5 yaşayış məntəqəsini əhatə edən 51,2 kilometrlik avtomobil yollarıdır. Hazırda yeni yolun inşası aparılır. Ümumilikdə, torpaq işlərinin sahəsi Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolunda 370 min kvadratmetr, Şilyan-Qarasu avtomobil yolunda isə 140 min kvadratmetr təşkil edir.

Layihə çərçivəsində yolboyu yararsız vəziyyətdə olan suötürücü boruların yeniləri ilə əvəz edilməsi və yenilərinin quraşdırılması işləri də görülüb. Bunun üçün 270 poqonmetr müxtəlif diametrli dairəvi metal və dəmir-beton borulardan istifadə olunub. Bundan başqa, yollarda yerləşən 2 və 4 aşırımlı avtomobil körpülərin də əsaslı şəkildə bərpası, yararsız körpü məhəccərlərinin dəyişdirilməsi də görülən işlərin siyahısındadır.

Torpaq işləri bitən ərazilərdə yol əsasına əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt layının 7 santimetr qalınlığında iri dənəli, üst layının isə 5 santimetr qalınlığında xırda dənəli asfalt-beton örtüyü ilə tikintisi işləri aparılır. Asfaltlanma işləri Karrar-Bağman-Böyük Kəngərli və Şilyan-Qarasu avtomobil yollarının 300 min kvadratmetrdən çox sahəsini əhatə edir.

Layihələrin sonuncu mərhələsində çiyinlərin bərkidilməsi, yol birləşmələrinin təmiri və avtobus dayanaqcaqlarının tikintisi, həmçinin yollar boyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə yol nişanlarının, yol göstəricilərinin və məlumatverici lövhələrin, həmçinin siqnal dirəklərinin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.

Azvision.az



Teqlər: Kürdəmir   Yol  





Xəbər lenti