“Müasir çağırışlar: dini durum və vəzifələr”

“Müasir çağırışlar: dini durum və vəzifələr”
  25 İyul 2019    Oxunub:2876
Bu gün Azərbaycanda dövlət-din münasibətlərinin mövcud səviyyəsi ən yaxşı model kimi qiymətləndirilir. Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısı nəticəsində ölkəmizdə dövlət-din münasibətləri özünün ən yüksək səviyyəsindədir. Dövlət dini qurumlar və dini icmalar arasında münasibətlərin sağlam əməkdaşlıq və tolerantlıq əsasında qurulması işinə yardım edir. Azərbaycanda dünyaya nümunə ola biləcək tolerantlıq mövcuddur və müxtəlif dinlərin nümayəndələri azad şəraitdə yaşayırlar.
Azvision.az xəbər verir ki, bu fikirlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Qax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyulun 25-də Qax şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda konfransda səsləndirilib.

Dövlət Komitəsinin və rayon icra hakimiyyətinin rəhbər şəxslərinin, yerli hüquq-mühafizə orqanlarının rəhbərlərinin, dini icma sədrləri, din xadimləri, ilahiyyatçılar və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri konfransda ölkəmizdə dini sahəyə, milli-mənəvi dəyərlərimizə göstərilən diqqət və qayğıdan, dini sabitliyin qorunub saxlanılması sahəsində görülməsi vacib olan məsələlərdən geniş bəhs olunub.

Konfransın əvvəlində azərbaycançılıq ideologiyasına həsr olunan sənədli film nümayiş etdirilib.

Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev konfransda çıxış edərək, rayondakı mövcud dini durum barədə məlumat verib. Bildirib ki, Qax rayonu Azərbaycanda müxtəlif xalqların, icmaların birgə yaşadığı ən nümunəvi bölgələrdən biridir. Ölkənin hər yerində yaşanan dinamik inkişaf Qax rayonunun simasında da aydın müşahidə olunur. Diqqətə çatdırıb ki, hazırda rayonda 11-i müsəlman, 2-si qeyri-müsəlman olmaqla, 13 dini icma Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dövlət qeydiyyatına alınıb. Dini icmalarla qarşılıqlı münasibətlərin formalaşması nəticəsində rayonda dini durum sabitdir, dini etiqad azadlığının təmin olunması, milli-mənəvi dəyərlərin qorunub saxlanması üçün davamlı tədbirlər həyata keçirilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, milli-mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural prinsiplərin təşviqi, dini maarifçilik işinin aparılması, dini radikalizmlə mübarizə sahəsində görülən işlər barədə danışıb.

Müasir dünyanın özünəməxsus çağırışları olduğunu diqqətə çatdıran Mübariz Qurbanlı bildirib ki, həmin çağırışlarla bağlı BMT dünyanın 20-dək problemini müəyyən edib. Onların içərisində demoqrafiya, ekologiya, nüvə müharibəsi təhlükəsi, iqlim dəyişkənliyi ilə bağlı və digər problemlər ön sıralarda yer alır.

Çağdaş dünya üçün ən ciddi təhdidlərdən birinin terror və ekstremizm olduğunu bildirən Komitə sədri dünyanın bir çox ölkələrində din amilindən istifadənin vətəndaş müharibələrinə, terror hadisələrinə, eyni dinə etiqad edən insanlar arasında qarşılıqlı nifrətə gətirib çıxardığını deyib. Diqqətə çatdırıb ki, hazırda dinlər və sivilizasiyalar arasında toqquşmalar XX əsrdə soyuq müharibə illərindəki ideoloji toqquşmanı əvəz edib.

Bildirilib ki, heç bir din radikallığa çağırış edə bilməz. Həm İslamın, həm də Xristianlığın və Yəhudiliyin müqəddəs kitablarında insanlar birliyə, sülhə, əmin-amanlığa çağırılır. Amma bu gün dünyada din adı altında terror aktları törədilir, qarşıdurmalar yaradılır. İnsanların din adı ilə bir-birini qırması, terror törətməsi cəhalətin nəticəsidir.

Ölkəmizdəki dövlət-din münasibətlərinin zəngin milli-tarixi ənənəyə əsaslandığını deyən Komitə sədri dövlətimizin din siyasətinin əsas məqsədinin dini etiqad azadlığının təmin edilməsi, dünyəvi dövlətçilik prinsiplərinin qorunub saxlanılması və dini təəssübkeşliyin dini təkəbbürə, sonra fanatizm və ekstremizmə çevrilməsinin qarşısının alınması olduğunu vurğulayıb. İnsanları birliyə, vəhdətə çağıran dinlərin mahiyyətindən uzaqlaşdırılaraq kimlərinsə əlində radikal, ekstremist, xurafat, antimilli formaya çevrilməsinin yolverilməz olduğunu bildirən Mübariz Qurbanlı bu kimi xoşagəlməz halların qarşısının alınması istiqamətində bütün bölgələrdə kompleks tədbirlərin həyata keçirildiyini söyləyib.

Konfransın sonunda Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Əsgərov çıxış edərək, regionlarda keçirilən bu cür konfransların gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz, bu dəyərlərin ümdə prinsipləri haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunmasında xüsusi rola malik olduğunu bildirib.

Azvision.az


Teqlər: Din   Qax   Konfrans  





Xəbər lenti