Mənəvi Dəyərlərin Təbliği Fondu uşaq evini ziyarət edib

  22 İyul 2019    Oxunub : 1532
Mənəvi Dəyərlərin Təbliği Fondu uşaq evini ziyarət edib
Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən həyata keçirilən “Bir uşaq – bir ümid” layihəsi çərçivəsində 22 iyul tarixində Fondun nümayəndələri Bakı şəhərində yerləşən 2 saylı Uşaq evini ziyarət edib.
Qurumdan Azvision.az -a verilən məlumata görə, uşaq evinin balaca sakinləri ilə görüşən Fondun nümayəndələri onlara məktəbli çantası, məktəb ləvazimatları və digər müxtəlif hədiyyələr təqdim edib.



Uşaqları salamlayan Fondun icraçı direktorunun müavini Rəfi Qurbanov bildirib ki, uşaqlar bizim gələcəyimiz, cəmiyyətimizin sabahı, onların üzündəki təbəssüm bizim sevincimizdir. Bugün uşaqların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması hər zaman dövlətimizin diqqət mərkəzindədir.



Eyni zamanda R.Qurbanov bildirib ki, uşaqların vətənpərvər ruhda böyüməsi, dəyərlərimizə sahib çıxan gənclik kimi formalaşmasında xeyirxahlıq, yardımlaşma kimi dəyərlərimizin təbliğinə ehtiyac var.



Məlumat üçün bildirək ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Bir uşaq-bir ümid” layihəsi çərçivəsində ölkədə yerləşən uşaq evlərinin ziyarət edilməsi və uşaqlara müxtəlif hədiyyələrin təqdim edilməsi nəzərdə tutulur.




Azvision.az

Teqlər: MDTF