Məmmədyarov Çinin yeni səfirini qəbul edib

  19 İyul 2019    Oxunub : 837
Məmmədyarov Çinin yeni səfirini qəbul edib
Xarici İşlər naziri Elmar Məmmədyarov Çin Xalq Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Quo Mini qəbul edib.
Azvision.az xəbər verir ki, Elmar Məmmədyarov xanım Quo Mini Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Nazir Çinin hər zaman, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi dəstəyin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Həmçinin Nazir Elmar Məmmədyarov ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib və son zamanlar baş tutan qarşılıqlı səfər mübadiləsinin münasibətlərin daha da dərinləşməsinə təkan verdiyini bildirib.

Səfir Quo Min Azərbaycan Prezidenti İlham Əliyevin Çinə sonuncu işgüzar səfərinə və bu səfər çərçivəsində baş tutmuş Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü, eləcə də Çinin Xarici İşlər naziri Van İnin Bakıya ilk rəsmi səfəri də daxil olmaqla tərəflər arasında son zamanlar həyata keçirilən yüksək səviyyəli qarşılıqlı təmasların ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə töhfə verdiyini vurğulayıb. İki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edən səfir Quo Min, qarşılıqlı etimad əsasında ölkələrimiz arasında davamlı surətdə inkişaf edən siyasi dialoqun ruhuna uyğun olaraq, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfir etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Azvision.az

Teqlər: Məmmədyarov   Çin   Səfir