“Aydın Qurbanovun vəfatı ilə bağlı ictimaiyyət vaxtında məlumatlandırılıb” - Baş Prokurorluq

  12 İyul 2019    Oxunub : 1492
 “Aydın Qurbanovun vəfatı ilə bağlı ictimaiyyət vaxtında məlumatlandırılıb” - Baş Prokurorluq
Xəbər verildiyi kimi Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Müalicə müəssisəsində xəstəliyi ilə əlaqədar müalicə almış təqsirləndirilən şəxs - Aydın Qurbanov intensiv müalicə aparılmasına baxmayaraq iyulun 9-da saat 21:50-də vəfat edib.
Baş Prokurorluğunun Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, bu barədə Nizami rayon prokurorluğuna daxil olmuş məlumat əsasında prokurorluğun müstəntiqi mərhumun müalicə aldığı palata və meyitə məhkəmə-tibb ekspertləri, müalicə müəssisəsinin nümayəndələri və hal şahidlərinin iştirakı ilə baxış keçirilib.

A.Qurbanovun meyiti ölümün səbəblərinin müəyyən edilməsi məqsədi ilə iyulun 10-da saat 00:20-də Məhkəmə - tibbi ekspertiza və patoloji anatomiya birliyinin Nizami rayon şöbəsinə yerləşdirilib. Həmin gün saat 10 radələrində məhkəmə-tibb ekspertləri tərəfindən mərhumun bacısı oğlu 1988-ci il təvəllüdlü Suliddin Bayramovun iştirakı ilə meyitin xarici müayinəsi keçirilib.

Tibbi müayinə zamanı meyitin bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izləri aşkar edilməyib. Bundan sonra həmin gün saat 13:30-da meyit mərhumun həyat yoldaşı və qohumlarına təqdim olunub.

Məhkəmə-tibbi ekspertizasının A.Qurbanovun xəstəlikdən vəfat etməsi barədə ilkin rəyi iyulun 11-də saat 10:30 radələrində prokurorluğa daxil olub və saat 12 radələrində Baş ProkurorluqƏdliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən ictimaiyyətə geniş məlumat verilib.


Azvision.az

Teqlər: Baş-Prokurorluq