Oqtay Əsədovla Narışkinin seçki müzakirəsi

Oqtay Əsədovla Narışkinin seçki müzakirəsi
  29 Noyabr 2013    Oxunub:1236
Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının Şura və 39-cu plenar iclaslarında iştirak etmək üçün noyabrın 28-də Sankt-Peterburq şəhərinə səfərə gedib.
Parlamentin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Oqtay Əsədov Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin, MDB Parlamentlərarası Assambleya Şurasının və Rusiya Federasiyası Federal Məclisi Federal Şurasının sədri Valentina Matvienko, Qazaxıstan Parlamenti Senatının sədri Kasımjomart Tokayev və bu ölkənin Parlament Məclisinin sədri Nurlan Niqmatulinlə görüşüb.

Burada keçirilən görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, parlamentlər səviyyəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq parlament təşkilatlarında qarşılıqlı fəaliyyət və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Parlament rəhbərləri Azərbaycanda gedən sürətli inkişafı izlədiklərini və ölkəmizin bütün sahələrdə nümunəvi ölkə imici qazandığını vurğulayaraq, 9 oktyabrda keçirilən Prezident seçkilərini yüksək qiymətləndirdilər. Prezident İlham Əliyevin böyük səs çoxluğu ilə yenidən prezident seçilməsi münasibətilə təbriklərini çatdırdılar.

Noyabrın 28-də nümayəndə heyətimizin üzvləri MDB PA-nın Şura iclasında iştirak etdilər. İclasın gündəliyindəki 29 məsələdən biri - MDB iştirakçısı olan ölkələrdə seçkilərin müşahidəsinin təşkili məsələsi idi. MDB PA-nın müşahidə missiyasının hazırladığı yekun sənəddə 9 oktyabrda Azərbaycanda keçirilən Prezident seçkiləri yüksək qiymətləndirildi. Qeyd olundu ki, ölkəmizdə seçkilər şəffaf, ədalətli, seçici hüquqlarının qorunması şəraitində və beynəlxalq hüquq normalarına uyğun keçirilib. Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda Prezident seçkilərində qurum nümayəndələrinin müşahidəçilik missiyasını obyektiv yerinə yetirdiklərinə görə bu sahədə fəaliyyət göstərən institut və təşkilatlara öz təşəkkürünü bildirdi.

Tədbirlərdə deputatlardan Sevinc Fətəliyeva, Sədaqət Vəliyeva, Mirkazım Kazımov, Aslan Cəfərov, Hacı Salayev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak edirdilər.


Teqlər:  





Xəbər lenti