“Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” aksiyası başa çatıb

“Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” aksiyası başa çatıb
  26 İyun 2019    Oxunub:1377
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşəbbüsü və təşkilatçılığı ilə “Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” devizi altında keçirilən Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası başa çatıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, UNEC-in əsas binasında Silahlı Qüvvələr Günü münasibətilə təşkil olunan təntənəli mərasimdə Təhsil və Müdafiə nazirliklərinin rəsmiləri, qeyri-hökumət təşkilatlarının, eləcə də universitetin professor-müəllim və tələbə heyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni ifa olunub.

UNEC-in rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradov Azərbaycan Ordusunun tarixi barədə ətraflı məlumat verib və respublikamız müstəqilliyini bərpa etdikdən sonra ordu quruculuğunda həyata keçirilən mühüm islahatlardan, müasir güclü Azərbaycan Ordusunun yaranmasında və formalaşmasında ulu öndər Heydər Əliyevin və dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin müstəsna xidmətlərindən danışıb.

Qeyd olunub ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alıb və bu ordu gündən-günə daha da möhkəmlənir, qüdrətlənir. Maddi-texniki təminatla yanaşı, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı, vətənpərvərlik hissi çox yüksək səviyyədədir. 2016-cı ilin Aprel, 2018-ci ilin isə Günnüt zəfərləri Azərbaycan Ordusunun nəyə qadir olduğunu bir daha təsdiqlədi. Bu qələbələr Azərbaycan dövlətinin və ordusunun gücünü, eyni zamanda, xalqımızın birliyini və həmrəyliyini göstərdi. Ali Baş Komandan İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, biz çox güclü ordu yaratmışıq və düşmən bilməlidir ki, onun bir dənə də olsun hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin.

Rektor vurğulayıb ki, müharibə hələ bitməyib. Odur ki, hər birimiz torpaqlarımızı işğaldan azad etməyə hər an hazır olmalıyıq. Bunun üçün isə digər amillərlə yanaşı, ordu ilə xalqın mənəvi birliyinin təmin olunması, bu işin daha da gücləndirilməsi qarşıda duran əsas vəzifələrimizdəndir. Ordu ilə xalqın birliyi həm xalqın gücünü artırır, həm də ordunu daha da yenilməz edir.

Nəzərə çatdırılıb ki, bu istiqamətdə UNEC kollektivinin həyata keçirdiyi layihələrin çox böyük əhəmiyyəti var və bu vətənpərvərlik tədbirləri bundan sonra da uğurla davam etdiriləcək.

Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasının əlaqələndiricisi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani deyib: “UNEC nəinki respublikamızda, eləcə də dünyanın bir çox ali məktəbləri içərisində böyük nüfuz qazanmış ali təhsil ocaqlarından biridir. UNEC rəhbərliyinin vətənpərvər iqtisadçı kadrlar yetişdirilməsində fəaliyyəti təqdirəlayiqdir. Bu ali məktəbi bitirənlər digər sahələrdə olduğu kimi, ordu sıralarında da Vətənə sədaqətlə xidmət edir, əsgəri borclarını şərəflə yerinə yetirirlər. UNEC-in neçə-neçə məzunu respublikamızın ərazi bütövlüyünün qorunması uğrunda göstərdikləri şəxsi şücaətə görə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, döyüş orden və medallarına layiq görülüblər. Aprel döyüşləri zamanı şəhidlik zirvəsinə ucalan igidlərimizdən Tural Dadaşov və Mahir Mirzəyev UNEC-in yetirmələridirlər.

“Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” devizi altında keçirilən Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası isə UNEC-in ən böyük layihələrindən biridir. Bu təşəbbüs bütün cəmiyyət tərəfindən rəğbətlə qarşılanıb və ümumrespublika hərəkatına çevrilib. Aksiya çərçivəsində onlarla tədbir keçirilib. Professor, müəllim və tələbələrin, o cümlədən aksiyaya qoşulan görkəmli elm, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində şəxsi heyətlə görüşləri, təşkil edilən mədəni-kütləvi tədbirlər hər bir əsgərin, zabitin döyüş ruhunun daha da yüksəldilməsinə zəmin yaradıb, işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə, respublikamızın ərazi bütövlüyünün bərpa olunacağına inamını daha da artırıb”, - polkovnik A.Qurbani deyib.

Xüsusilə cəbhəboyu bölgələrdə - ön səngərlərdə keçirilən bir-birindən maraqlı tədbirlər həm döyüşçülərin, həm də universitet kollektivinin həyatında unudulmaz izlər buraxıb.

Rektor başda olmaqla, UNEC-in 20 min nəfərlik bütün kollektivi aksiyaya qoşularaq Azərbaycan Ordusuna mənəvi dəstək nümayiş etdiriblər.

İqtisadi məsələlər üzrə prorektor, hüquq üzrə fəlsəfə doktoru, dosent, Qarabağ müharibəsinin iştirakçısı Mikayıl Zeynalov, xarici dillər kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Afət Abbasova, fizika və kimya kafedrasının müdiri, professor Rövnəq Rzayev, UNEC Qadınlar şurasının sədri, dosent Təranə Kərimova, iqtisadçı vətənpərvərlər təşkilatının sədri, tələbə Yusif Cəfərzadə və başqaları səfər təəssüratlarını danışaraq Azərbaycan Ordusunun həqiqətən regionun ən güclü ordusu olduğuna bir daha şahidlik etdiklərini bildiriblər.

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini, İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi general-mayor Rasim Əliyev aksiyanın başa çatması münasibətilə kollektivi Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib və UNEC-in vətənpərvərlik işi sahəsindəki fəaliyyətinin digər kollektivlərə də nümunə olacağına əminliyini bildirib.

General-mayor R.Əliyev vurğulayıb ki, Azərbaycan Ordusunun 101 yaşı tamam olsa da, mütəşəkkil ordumuzun yaranması ulu öndər Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı ilə mümkün olub və bu ordu Prezident, Ali Baş Komandan İlham Əliyevin sayəsində daha da güclənib, möhkəmlənib. Ordumuz qarşısına qoyulan istənilən döyüş tapşırığını yerinə yetirməyə hazır və qadirdir.

Sonra Azərbaycan Dövlət İqtisad Universitetinin bir qrup müəllim və tələbələrinin mükafatlandırılması haqqında Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri oxunub.

UNEC-in rektoru, professor Ədalət Muradov Azərbaycan Respublikasının Prezidenti adından Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə, müəllim və tələbələrdən isə Mikayıl Zeynalov, Afət Abbasova, Rövnəq Rzayev, Təranə Kərimova, Aqil Əzizov, Yusif Cəfərzadə qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

UNEC-in kollektivi adından müdafiə nazirinə minnətdarlığını ifadə edən rektor Ədalət Muradov deyib: “Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası başa çatsa da, biz bu aksiyanı torpaqlarımız azad edilməyənə, ərazi bütövlüyümüz bərpa olunmayanadək davam etdirəcək və Ali Baş Komandan İlham Əliyevin əmrlərinə hər an hazır olacağıq”.

Mərasimin sonunda universitetin nəşri olan “Səninlə fəxr edirik, Azərbaycan əsgəri” adlı kitab-albomun təqdimatı olub və ilk nüsxələr mərasim iştirakçılarına paylanıb.

Bu kitab-albom 26 iyun – Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə cəbhəboyu bölgələrdəki hərbi hissələrdə keçirilən tədbirlərdə əsgər və zabitlərimizə hədiyyə ediləcək.

Azvision.az


Teqlər: Ordu  





Xəbər lenti