İmtahan cavablarını oğurlayan tələbələr cəzalandırılacaq

 İmtahan cavablarını oğurlayan tələbələr cəzalandırılacaq
  25 İyun 2019    Oxunub:3410
Xüsusi proqram vasitəsilə riyaziyyat və fizika fənnlərini tədris edən həm yerli, həm də fransız müəllimlərin tərtib etdiyi yekun imtahan suallarının və onların cavablarını əvvəlcədən əldə edən II kurs tələbələri cəzalandırılacaq.
Bunu Azvision.az -a açıqlamasında UFAZ-ın direktoru Vazeh Əsgərov deyib. O bildirib ki, hadisənin günahkarlarının cəzalandırılması üçün araşdırmalar davam edir.

"27 may-8 iyun 2019-cu il tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) yaz-yay imtahan sessiyası keçirilib. 10 iyun tarixində UFAZ-ın Fransadan dəvət olunmuş daimi fransız müəllimləri tərəfindən yekun imtahan nəticələrinin yoxlanılması zamanı müvəffəqiyyət göstəricisi aşağı olan tələbələrin imtahanda yüksək nəticə əldə etdikləri müəyyən olunub.

Eyni zamanda UFAZ idarə heyəti tərəfindən dərhal araşdırma aparılıb və həqiqətən də bir qrup UFAZ tələbəsinin xüsusi kompüter proqramı vasitəsi ilə riyaziyyat və fizika fənlərini tədris edən müəllimlərin tərtib etdiyi yekun imtahan suallarını və onların cavablarını əvvəlcədən əldə etdiyi müəyyən olunub.

V.Əsgərov qeyd edib ki, baş vermiş hadisə ilə bağlı ADNSU-nun rektoru, professor Mustafa Babanlı və UFAZ-ın koordinatoru Jean-Marc Planeix UFAZ-ın İdarə heyəti ilə birlikdə II kurs bütün ixtisaslar üzrə təhsil alan tələbələrin fizika və riyaziyyat fənləri üzrə keçirilmiş yekun imtahan nəticələrinin ləğv edilməsi və 27-28 iyun 2019-cu il tarixlərində təkrar imatahanların keçirilməsinə dair qərar qəbul edilib. "Köçürmə halı kütləvi olduğu üçün II kursun hər iki fənn üzrə imtahan nəticələri ləğv edilib.

Hadisə ilə bağlı ADNSU–nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədovun başçılığı ilə işçi qrup yaradılmış və 21 iyun tarixində II kurs üzrə təhsil alan bütün tələbələr ilə görüş keçirilib. Həmin tələbələrlə bağlı kifayət qədər şəkillər və kamera görüntüləri var. Bu qanunsuz hadisənin günahkarlarının cəzalandırılması üçün araşdırmalar davam edir".

Aytən Zəhra
Azvision.az


Teqlər: İmtahan  





Xəbər lenti