“Megafun”dakı hadisə ilə bağlı valideynlərə çağırış

  25 İyun 2019    Oxunub : 1720
“Megafun”dakı hadisə ilə bağlı valideynlərə çağırış
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Megafun” Əyləncə Mərkəzində helium şarlarının partlaması nəticəsində 3-ü uşaq olmaqla 8 nəfərin xəsarət alması hadisəsi ilə bağlı valideynlərə çağırış edib.
Komitədən Azvision.az -a bildirilib ki, hazırda hadisə aidiyyəti orqanlar tərəfindən ciddi şəkildə araşdırılır və təhlükəsizlik tədbirlərinin ciddiləşdirilməsi ilə bağlı lazımi tədbirlər görülür.

Həmçinin Komitə tərəfindən zərərçəkmiş ailələrin hər biri ilə əlaqə saxlanılıb və səhhətlərinin qənaətbəxş olduğu və ilkin tibbi yardım göstərildikdən sonra evə göndərildikləri barədə məlumat əldə edilib:

"Uşaqların daha çox vaxt keçirdiyi əyləncə mərkəzlərində ciddi təhlükəsizlik tədbirlərinin görülməsini zəruri hesab edirik. Valideynlərə isə uşaqların yaş xüsusiyyətlərini nəzərə alaraq, onların psixo-emosional sferasını zədələməyəcək əyləncə formalarına üstünlük vermələrini, uşaqları psixikanın həssas inkişaf dövründə səs-küylü, qarışıq rəng çalarlı məkanlardan mümkün qədər uzaq tutmalarını məsləhət görürük. Bununla yanaşı, yay mövsümü ilə əlaqədar Səhiyyə Nazirliyi tərəfindən edilmiş xəbərdarlıqlara ciddi şəkildə riayət etmələri tövsiyə olunur. Valideynlərə yay mövsümündə uşaqları açıq havada, hovuz kənarında, çimərliklərdə nəzarətsiz buraxmamaqla yanaşı, onların süni qidalardan rəngli su və şirniyyat məmulatları, tez xarab olan, dondurma və bu qəbildən olan qidaların qəbulu zamanı ehtiyatlı olmaları tövsiyə olunur".

Azvision.az

Teqlər: Komitə   Meqafun