Samuxda hərbi sursat tapılıb

  24 İyun 2019    Oxunub : 987
Samuxda hərbi sursat tapılıb
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Daxili İşlər Nazirliyindən Samux rayonunun Qaraağaclı kəndində aşkarlanmış bir ədəd mərminin zərərsizləşdirilməsi üçün müvafiq tədbirlərin görülməsi barədə məktub daxil olub.
Azvision.az ANAMA-ya istinadən xəbər verir ki, daxil olmuş məktuba əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Samux Rayon Polis Şöbəsinin əməkdaşları iyunun 24-də qeyd olunan əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları birlikdə qeyd olunmuş ərazidə su kanalına baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd aviobomba (FAB-50) aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Onun ətrafında 100 kvadratmetr əraziyə yerüstü, 50 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Azvision.az

Teqlər: ANAMA   Samux