“Avropa Məhkəməsinin girovlarla bağlı mövqeyini gözləyirik” - Çingiz Əsgərov

  24 İyun 2019    Oxunub : 1225
 “Avropa Məhkəməsinin girovlarla bağlı mövqeyini gözləyirik” - Çingiz Əsgərov
“Hazırda Avropa Məhkəməsinin gündəmində Azərbaycanla bağlı hər hansı ciddi məsələ yoxdur”
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov deyib.

Onun sözlərinə görə, bütün dövlətlərlə münasibətdə şikayətlər olduğu kimi Azərbaycanla bağlı da var.
Ç.Əsgərov xatırladıb ki, Çıraqovların işi üzrə qərar qəbul edilib və Nazirlər komitəsinin iclasında baxılıb:
"Növbəti dəfə bu ilin dekabr ayında bu məsələyə baxılacaq. Gözləyirik ki, Ermənistan hökuməti qərarın icrası ilə bağlı görülən tədbirlər barədə məlumat təqdim etsin və biz onu müzakirə edək. Hələlik hər hansı məlumat yoxdur. Məlum olan odur ki, Ermənistan qərarın icrasından imtina edir”.

Sektor müdiri əlavə edib ki, Ermənistanda saxlanılan girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı şikayət Avropa Məhkəməsinə göndərilib və Azərbaycan hökuməti bu prosesdə iştirak edir.

“Artıq bütün kommunikasiya mərhələsi yekunlaşıb. Bu il ərzində Avropa Məhkəməsinin öz mövqeyini bildirməsini gözləyirik. Bununla yanaşı, Avropa Şurasında Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəziyyəti ilə bağlı tədbirlər keçirilib və bu həftə AŞPA-da nümayəndə heyətimiz tərəfindən Azərbaycanın mövqeyi deputatların nəzərinə çatdırılacaq” , deyə Əsgərov vurğulayıb.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Çingiz-Əsgərov   Girov   Avropa-Məhkəməsi