Azərbaycanda oğlanların “hegemonluğuna” son qoyulur

  23 İyun 2019    Oxunub : 3876
Azərbaycanda oğlanların “hegemonluğuna” son qoyulur
Ölkədə əhalinin təkrar istehsalının və demoqrafik proseslərin intensivliyinin təmin edilməsi, doğulacaq uşaqlar arasında cins nisbətinin pozulmasının qarşısının alınması məqsədilə BMT-nin Əhali Fondunun dəstəyi ilə “Azərbaycanda doğulacaq uşağın cinsinin seçilməsinin qarşısının alınmasına dair 2019-2022-ci illər üçün Tədbirlər Planı” hazırlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, Tədbirlər Planının əsas məqsədi ailələrdə doğulan uşaqlar arasında oğlan uşağına verilən üstünlüyün azaldılması, qız və oğlanların eyni dərəcədə valideynlər üçün dəyərli olması və maliyyə dəstəyi baxımından valideynlərin uşaqlarından asılılığının azaldılmasından ibarətdir.

"Tədbirlər Planında doğulan uşaqlar arasında oğlan uşağına verilən üstünlüyün kökündə dayanan gender stereotiplərinin aradan qaldırılması, qadınların cəmiyyətdə, ictimai həyatda rolunun artırılması, əmək bazarında iştirakının artırılması, yüksək ödənişli peşələrdə işləmələrinin təşviq edilməsi və yaşlanmaqda olan valideynlər üçün potensial maliyyə dəstəyi mənbəyi kimi oğul və qızlar arasında olan fərqin azaldılması nəzərdə tutulur.

Bundan əlavə, ailə dəstəyindən asılılığı azaltmaq məqsədilə sosial müdafiə proqramlarının gücləndirilməsi, gender stereotiplərinin aradan qaldırılması istiqamətində təbliğatın və maarifləndirmə tədbirlərin gücləndirilməsi, qurumlararası əlaqələrin və əməkdaşlığın gücləndirilməsi istiqamətlərinə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur".

Qeyd edilib ki, Tədbirlər Planının layihəsi “Doğulan uşaqların cins nisbəti üzrə etibarlı və əlçatan məlumat və müvafiq göstəricilərin əldə edilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi”, “Gender ayrıseçkiliyinin və bərabərsizliyin aradan qaldırmaq məqsədilə qızlar və qadınlara dəstək tədbirlərinin genişləndirilməsi” və “Gender stereotiplərinin aradan qaldırılması istiqamətində təbliğatın və maarifləndirmə tədbirlərin gücləndirilməsi” bölmələrindən ibarətdir.

“Azərbaycanda doğulacaq uşağın cinsinin seçilməsinin qarşısının alınmasına dair 2019-2022-ci illər üçün Tədbirlər Planı” layihəsi hazırda razılaşdırılma mərhələsindədir.

Aytən Zəhra
Azvision.az

Teqlər: ƏƏSMN   Uşaq   Oğlan   Qız   Ailə