Dağıstan Hacı Murada görə Azərbaycandan üzr istəyir

 Dağıstan Hacı Murada görə Azərbaycandan üzr istəyir
  22 İyun 2019    Oxunub:3804
İyunun 23-də Dağıstandan nümayəndə heyəti Azərbaycana gələcək.
Azvision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, dağıstanlı qonaqlar Azərbaycan tərəfi ilə Şeyx Şamilin naibi olmuş Hacı Muradın nəşinin Qaxın Tanqıt kəndindən gizli yolla çıxarılaraq Dağıstanın Xunxaz rayonuna aparılması, orada dəfn edilməsi ilə bağlı müzakirələr aparacaqlar.

"Regnum" agentliyinə açıqlama verən “Lev Tolstoy və Dağıstan” layihəsinin koordinatoru Cəmaləddin Ömərov və “Rusiya Qafqaz xalqlarının konqresi” ümumrusiya hərəkatının sədr müavini Denqa Xalidov bildiriblər ki, təşəbbüs qrupu İmam Şamilin naibinin ilk basdırılma yerinin müəyyən edilməsi ilə bağlı Qax və Zaqatala rayonunun ictimaiyyəti və rəhbərliyi ilə görüşəcək.

Onların sözlərinə görə, Hacı Muradın qalıqları gizlin şəkildə Qaxdan aparılıb. Hadisədən hətta naibin birbaşa nəslindən olan Məhəmməd Arif Hacı Muradın da xəbəri olmayıb.

“Bizim təşəbbüs qrupu təşkilat komitəsinin üzvlərinin, yerli administrasiyanın, ictimaiyyət nümayəndələrinin, nəslin təmsilçilərinin iştirakı ilə Xunzax rayonunda kiçik forum keçirib. Onların hamısı Hacımurad Ömərovun qrupunun hərəkətlərini pisləyiblər. Ancaq qalıqların yenidən Azərbaycana qaytarılmasının mənası yoxdur. Kəlləsinin qaytarılması və digər qalıqlarla birləşdirilməsi məsələsi ilə məşğul olacağıq”,- deyə Denqa Xalidov bildirib.

Cəmaləddin Ömərov isə deyib ki, ilk növbədə bu adamın (Rusiya Dövlət Dumasının deputatı Hacımurad Ömərov) hərəkətinə görə üzr istəniləcək. Və aydınlaşdırılacaq ki, baş verənlərdə ondan başqa kimsə günahakar deyil. Digərləri qəbrin yerinin dəyişdirilməsinə etiraz etsələr də, o, heç kimi dinləməyib.

“Bizdə hələ də şübhə var ki, orada qalıqlar qalıb. Belə olan halda ora hələ də qəbir sayıla bilər. Əgər qalmasa belə, orada ilk dəfn yeri kimi xatirə abidəsi ucaldıla bilər ki, insanlar ziyarət edə bilsinlər”.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Hacı-Murad  





Xəbər lenti