“Çətin gündə bir-birimizə dayaq olmuşuq” - Spikerlər görüşdü

“Çətin gündə bir-birimizə dayaq olmuşuq” -   Spikerlər görüşdü
  20 İyun 2019    Oxunub:2647
Bu gün Milli Məclisin sədri Oqtay Əsədov Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze ilə görüşüb.

Azvision.az -ın məlumatına görə, görüşdə çıxış edən spiker bildirib ki, Azərbaycan və Gürcüstan xalqlarının dostluğunun qədim tarixi var, həmişə çətin gündə bir-birimizə dayaq olmuşuq.
O.Əsədov qeyd edib ki, həm Azərbycan, həm də Gürcüstan müstəqillik əldə etdikdən sonra münasibətlərimiz inkişaf edib və strateji tərəfdaşlıq səviyyəsinə çatıb: “Çox sevindirici haldır ki, dövlət başçıları çoxsaylı qarşılıqlı səfərlər edib, görüşlər keçirib. Bu, strateji əməkdaşlığımızın yüksək səviyyəsini nümayiş etdirir. Çox şadıq ki, siyasi əlaqələrimizlə bərabər iqtisadi əlaqələrimiz də inkişaf edib. 2018-ci ildə ticarət dövriyyəsi 590 milyon dollardan çox olub. Bu dövrlər ərzində Azərbaycan Gürcüstanda əsas investorlardan biri olub. Azərbaycan Gürcüstana 3 milyard dollara qədər investisiya qoyub. Bu ilin ilk ayları göstərir ki, aprel ayına qədər ticarət dövriyyəsi 243 milyon dollar olub. Bu il ticarət dövriyyəmizin daha yüksək olacağını gözləyirik”.

MM-in sədri vurğulayıb ki, Azərbaycan və Gürcüstan regionda həyata keçirilən böyük layihələrin iştirakçılarıdır: “Bakı-Tbilisi-Ceyhan neft kəməri, TANAP layihəsi, hazırda 87 faizi hazır olan TAP layihəsi Avropanın enerji təhlükəsizliyində hansı rolu onyadığımızın təzahürüdür. Biz çox şadıq ki, enerji ilə bərabər, nəqliyyat sahəsində də ölkələrimiz birgə layihələr həyata keçirir. Bunlardan biri Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. Əminik ki, bu layihə tam gücü ilə işləyəndən sonra hər iki ölkə bundan böyük gəlir əldə edəcək. Mən son dəfə Gürcüstana səfər edəndə Tiflisdə bir çox SOCAR yanacaqdoldurma məntəqələrini görüb ürəyim açıldı. Bildim ki, SOCAR Gürcüstanda böyük işlər görür. Mən çox şadam ki, parlament əlaqələrimiz yüksək səviyyədə inkişaf edib. Keçən il Əflatun Amaşovun rəhbərliyi ilə dostluq qrupumuz Gürcüstanda olmuşdu. Biz dostluq əlaqələrimizin inkişafına yüksək diqqət yetiririk. Xarici əlaqələr komitələrinin bu yaxınlarda ikitərəfli – Azərbaycan və Gürcüstan, üçtərəfli- Azərbaycan, Gürcüstan və Türkiyə görüşləri oldu. Deputatlarımız bir çox parlament assambleyalarında bir-birlərinin mövqelərini dəstəkləyirlər. Mən ikitərəfli görüşdə də dedim ki, bizə mane olmasalar, Azərbaycan və Gürcüstan daha sürətlə inkişaf edər. Çox təəssüflər olsun ki, Azərbaycan və Gürcüstan separatizmlə, ərazi itkisi ilə qarşılaşıblar. Biz inanmaq istəyirik və ümidimizi itirməmişik ki, Cənubi Osetiya, Abxaziya və Dağlıq Qarabağ münaqişələri ölkələrin ərazi bütövlüyü çərçivəsində həllini tapacaq. Bir daha sizi Milli Məclisdə salamlayıram”.

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze qəbula görə təşəkkür edib: “Bu gün Gürcüstan və Azərbaycan strateji, etibarlı tərəfdaşdırlar. Ölkələrimiz arasında tarixi dostluq münasibətləri var. Çox şadıq ki, bu tarixi dostluğu müstəqillik əldə etdikdən sonra dövlətlərarası dostluğa qaldıra bildik. Münasibətlərin inkişafında Heydər Əliyevin xidməti çox böyük idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu əlaqələr dinamik inkişaf edir. Hər bir sahədə münasibətlər, əlaqələr əhəmiyyətlidir. Şadıq ki, bizim çox gözəl siyasi münasibətlərimiz var. Azərbaycan tərəfindən Gürcüstanın ərazi bütövlüyünə hörmətlə yanaşmaq çox əhəmiyyətlidir. Gürcüstan da Azərbaycanın ərazi bütövlüyünə anoloji qaydada yanaşır. Biz də ümid edirik ki, bu münaqişələr sülh yolu ilə həll olunacaq. Ümumiyyətlə, ölkələrimiz üçün sülhün və stabilliyin çox böyük əhəmiyyəti var. Sülh və stabillik olmasa, ölkələrimizin inkişafına böyük problemlər yaranar”.

Gürcüstan parlamentinin sədri qeyd edib ki, iki ölkə ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq edir:
“Biz Avropa Şurası və digər beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq edir, bir-birimizin maraqlarını qoruyuruq. Əlbəttə, siyasi əlaqələrin inkişafında parlamentlərarası əlaqələr də çox önəmlidir. Şadam ki, bu sıx əməkdaşlıq xüsusən parlamentəlarası dostluq qrupları arasında mövcuddur. Qarşılıqlı səfərlər parlamentlərin bir-birinə daha yaxın olmasına kömək edir. Komitələr, parlamentlərin aparatları arasında əlaqələr çox mühümdür. Bu cür yüksək səviyyəli səfərlər əlaqələrimizin inkişafına böyük töhfə verir. Biz çalışırıq ki, Azərbaycan şirkətləri üçün ölkəmizdə yaxşı şərait yaradaq. Biz bürokratik məsələləri də yaxşılaşdırmaq istəyirik”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Oqtay-Əsədov   Gürcüstan   Spiker  





Xəbər lenti