Azərbaycanda Milli Qurtuluş Günüdür

  15 İyun 2019    Oxunub : 2385
 Azərbaycanda Milli Qurtuluş Günüdür
Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.
Azvision.az -ın məlumatına görə, 1993-cü ilin iyununda ölkədə yaranmış mürəkkəb ictimai-siyasi durum Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaratmışdı.

Gəncədə dislokasiya olunmuş 709 saylı hərbi hissə itaətsizlik göstərərək Müdafiə Nazirliyinə tabe olmadığını bəyan etmiş, hökumət hərbi qiyamı yatırmaq üçün Gəncəyə hərbi birləşmələr göndərmişdi. Lakin yürüdülən yarıtmaz siyasət nəticəsində qiyamın miqyası genişləndi və idarə olunmayacaq səviyyəyə çatdı. Qiyam qaldıran hərbi birləşmələr Bakıya doğru istiqamət götürüb, qiyamın başında duranlar hakimiyyətin dəyişməsini tələb edirdi.

Vətəndaş müharibəsi üçün ziddi zəmin yarandığı bir vəziyyətdə təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarı son anda kömək üçün Heydər Əliyevə müraciət etdi. O zaman Naxçıvan Ali Məclisinin sədri olan görkəmli ictimai-siyasi xadim Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul etdi və iyunun 9-da Bakıya gəldi. Ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtarmaq missiyasını üzərinə götürən Heydər Əliyev həyatını təhlükə altında qoyaraq Gəncəyə getdi və apardığı danışıqlar nəticəsində vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını aldı.

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi, bununla da Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən uğurlu bir mərhələ başladı. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Qurtuluş günü kimi daxil oldu.

Qeyd edək ki, 15 iyun tarixi 1998-ci ildən etibarən dövlət səviyyəsində bayram kimi qeyd olunur.

Azvision.az

Teqlər: Qurtuluş-Günü   Heydər-Əliyev