Bakı toylarının ölüm STATİSTİKASI

Bakı toylarının ölüm STATİSTİKASI
  27 Noyabr 2013    Oxunub:1181
Bu ilin əvvəlindən Bakıda "toy karvanları"ndakı nəqliyyat vasitələrinin iştirakı ilə 41 yol qəzası baş verib. "Toy karvanı terroru" nəticəsində 8 nəfər ölüb, 29 nəfər xəsarət alıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DIN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

Bölmə rəisinin sözlərinə görə, qeydə alınan hadisələrdən 21-i ölüm və xəsarətlə, 20-si isə maddi zərər dəyməsi ilə nəticələnib.
V.Əsədov bildirib ki, bu istiqamətdə təhlükəsizliyin təmin edilməsi üçün yetərincə təbliğat aparılıb, əlavə tədbirlər görülüb. Bunun nəticəsində onlarla sürücü inzibati məsuliyyətə cəlb edilib: "Belə ki, müşahidə kameraları vasitəsi ilə bəy-gəlin maşınını müşayiət edən zaman avtoxuliqanlıq edənlərin görüntüləri əldə edilib və bunun əsasında 8 nəfər məsuliyyətə cəlb edilib. İşıqforun qırmızı işığında hərəkət edən 16, yolayrıcılarını keçmə qaydalarını pozan 24, üfüqi nişanlanma xəttinin (qoşa xətt) tələbini pozan 59, lüzumsuz olaraq səs siqnallarından istifadə etdiyinə görə 32, nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etdiyinə görə isə 26 sürücü inzibati məsuliyyətə cəlb edilərək barələrində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb".

Bölmə rəisi qeyd edib ki, bundan əlavə, yol hərəkəti qaydaları pozulduğuna görə 3 halda bəy və gəlin onları daşıyan bəzədilmiş avtomobildən düşərək digər avtomobillə hərəkət etmək məcburiyyətində qalıblar. Onlardan birində sürücü işıqforun qırmızı işığında keçdiyinə görə saxlandıqda məlum olub ki, onun sürücülük vəsiqəsi də yoxdur. İki halda isə bəy-gəlin avtomobili dövlət nömrə nişanı olmadığına görə saxlanılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti