“Belə bir yeniliyə ilk dəfə Bakıda imza atıldı” - DGK sədri

  12 İyun 2019    Oxunub : 1224
 “Belə bir yeniliyə ilk dəfə Bakıda imza atıldı” - DGK sədri
"Bu gün Ümumdünya Gömrük Təşkilatının (WCO) ən böyük tədbirinin "İnformasiya Texnologiyaları, Texnologiyalar və İnnovasiyalar konfransı və sərgisi"nin Bakıda keçirilməsi heç də təsadüfi deyil. İlk dəfə olaraq həm özəl, həm də dövlət sektorunu öz nəzdində tutmuş təşkilat iki tədbiri - informasiya texnologiyaları konfransı və sərgisini, texnologiyalar və innovasiyalar forumunu birləşdirərək vahid bir tədbir çərçivəsində təşkil edir. Belə bir yeniliyə məhz Bakıda keçirilən tədbirdə imza atılması ölkəmizin mötəbər tədbirlərə ev sahibliyi etməsindəki qazandığı xüsusi rəğbətin və etibarın göstəricisidir".
Azvision.az xəbər verir ki, bunu bu gün Bakıda fəaliyyətə başlayan "WCO IT/TI" konfrans sərgisinin açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

Komitə sədri konfransda müzakirə olunacaq mövzular haqqında məlumat verib: "SMART sərhədlər üzrə yeni texnologiyalar, ticarət, səyahət və daşımalar üçün yeni imkanlar mövzusunda keçirilən konfransda beynəlxalq ticarətin təhlükəsizliyini və dayanıqlılığını təmin etmək məqsədi ilə gömrük işi səhəsində blokçeyn texnologiyalarından, süni intellektdən istifadə kimi məsələlər ətrafında maraqlı müzakirələr aparılacaq, tətbiq edilə biləcək ən müasir texnoloji həllər barədə təqdimatlar ediləcək. Ölkəmizdə İT-nin tətbiqinə xüsusi önəm verilir".

Anar Kəlbiyev
Azvision.az

Teqlər: DGK   Gömrük   Səfər-Mehdiyev