Masallıda 246 nəfərə hüquqi yardım göstərilib

Masallıda 246 nəfərə hüquqi yardım göstərilib
  07 İyun 2019    Oxunub:1795
Vəkillər Kollegiyasının, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin, “ASAN xidmət”in birgə təşkilatçılığı və ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə həyata keçirilən “Qanunun aliliyi” layihəsi çərçivəsində həmin qurumların nümayəndələrinin Masallıdakı “ASAN xidmət” Mərkəzində yaradılan Hüquqi Yardım Mərkəzinə səfəri təşkil olunub.
Vəkillər Kollegiyasından Azvision.az -a verilən məlumata görə, layihə əhalinin peşəkar hüquqi xidmətlərə çatımlılığını artırmaq, xüsusilə aztəminatlı təbəqənin kompleks hüquqi yardım xidmətlərindən ödənişsiz yararlanma imkanı ilə təmin edilməsi məqsədi daşıyır. Layihə çərçivəsində əhaliyə məhkəmə və digər dövlət orqanlarında təmsilçilik, hüquqi sənədlərin tərtibi, şifahi hüquqi məsləhətlərin verilməsi və s. xidmətlər göstərilir. Xidmətlərin göstərilməsi ilə bağlı vətəndaşların müxtəlif orqanlarda ödənilən dövlət rüsumları ilə bağlı xərcləri qarşılanmaqdadır.



Analoji hüquqi yardım mərkəzləri Bərdə, İmişli və Qəbələ rayonlarında da təşkil olunub. Hüquqi xidmətlər hər bir mərkəzdə Vəkillər Kollegiyasının ən azı bir üzvü olmaqla köməkçi hüquqşünaslar tərəfindən göstərilməkdədir. Cari ilin fevralından fəaliyyətə başlamış Masallı Hüquqi Yardım Mərkəzi tərəfindən əsasən əmlak, ailə, əmək, vərəsəlik, cinayət, inzibati işlər üzrə 246 nəfərə hüquqi yardım göstərilib. Onlardan 136 iş məhkəmə təmsilçiliyi, məhkəmələrə iddia ərizələrinin hazırlanması və s. təşkil edib.



Səfərdə ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi işlər üzrə müşaviri Uilyam Soley, BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev, Vəkillər Kollegiyasının Rəyasət Heyəti Aparatının rəhbəri Fərhad Nəcəfov iştirak ediblər.

Azvision.az


Teqlər: Vəkil   Hüquq  





Xəbər lenti