Azərbaycan Avropaya daha sərfəli marşrutlar təklif edir

Azərbaycan Avropaya daha sərfəli marşrutlar təklif edir
  07 İyun 2019    Oxunub:1437
Almaniyanın Münxen şəhərində keçirilən “Nəqliyyat və logistika” sərgisində iştirak edən Azərbaycan dəmiryolçularından ibarət nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər keçirib.
“Azərbaycan Dəmir Yolları” QSC-dən Azvision.az -a verilən məlumata görə, qurum sədri Cavid Qurbanovun “Ukrayna Dəmir Yolları” SC-nin idarə heyətinin sədri Yevgeniy Kravtsovla görüşündə iki qurum arasında əlaqələr, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Cənub-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Bildirilib ki, ölkələrimizin tranzit potensialının artırılması istiqamətində görülən işlər Azərbaycan və Ukrayna dəmir yolları arasında işbirliyinin perspektivlərini daha da genişləndirir. Azərbaycanla Ukrayna arasında ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi, hər iki ölkənin ticarət dövriyyəsinin artırılması üçün beynəlxalq nəqliyyat dəhlizlərinin imkanlarından istifadə məsələlərinə diqqət yetirən tərəflər, tranzit marşrutlarının gücləndirilməsi istiqamətində görülən işlərin olduqca təqdirəlayiq olduğunu vurğulayıblar.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri C.Qurbanovun Avstriyanın “ÖBB-Holding AG” şirkətinin baş icraçı direktoru Andreas Matta və “ÖBB Rail Cargo Group” un idarə heyətinin üzvü Tomas Karql ilə görüşündə isə Avropa-Asiya istiqamətində yükdaşımalar sistemində Azərbaycanın artan rolu və gələcək əməkdaşlığın perspektivləri diqqət mərkəzində olub. Bildirilib ki, Azərbaycanla Avstriya arasında əlaqələrin genişləndirilməsi hər iki ölkənin dəmir yolları arasında əməkdaşlığın intensivləşdirilməsinə səbəb olub. Avropa nəqliyyat sistemində aparıcı rol oynayan Avstriya dəmir yollarının nümayəndələri Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsindən sonra Avropa ilə Asiya arasında yükdaşımalar sistemində yeni arxitekturanın formalaşması, Azərbaycanın artan rolunu diqqət mərkəzinə çəkərək, daşımaların təhlükəsizliyinin, sürətinin və rəqabətqabiliyyətliliyinin yüksəldilməsini qeyd ediblər.

Asiyadan yüklərin Avropaya çatdırılması üçün ənənəvi marşrutlardan daha faydalı olan Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin imkanlarının geniş olduğunu bildirən C.Qurbanov hazırda Avropaya yüklərin daşınması üçün istifadə edilən marşrutlardan fərqli olaraq, Azərbaycan ərazisindən keçən marşrutların vaxt, qiymət və səmərəlilik baxımından daha üstün olduğunu, Azərbaycanda mövcud olan dəmir yolu nəqliyyatı sisteminin bütün müasir tələblərə cavab verməsini və lazımi logistik şəraitin yaradılmasını, yüklərin sürətli və keyfiyyətli daşınmasına təminat verdiyini diqqətə çatdırıb. Tərəflər Avropa-Asiya arasında artan yük dövriyyəsini nəzərə alaraq, Azərbaycan üzərindən keçən nəqliyyat dəhlizlərinin böyük əhəmiyyət daşıdığını vurğulayıb və iki ölkənin dəmir yolları arasında əməkdaşlığın inkişaf etdirilməsini müzakirə ediblər.

Azvision.az


Teqlər: Cavid-Qurbanov  





Xəbər lenti